GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecinin bir qrup əməkdaşı Qusarın “Şəfa” İstirahət Mərkəzində istirahət etdi


Post Image

Daim kollektivin sağlamlığını və yüksək ruh yüksəkliyində olmasını düşünən Gəncə Tibb Kollecinin rəhbərliyi yanvarın ayının 24-25-26 tarixlərində bir qrup texniki işçiləri və həkim-müəllim heyətini Azərbaycanın əsrarəngiz təbiətə  malik  gözəl bir guşəsinə – Qusar  rayonunda yerləşən Azərbaycan Səhiyyə Nazirliyinin Həmkarlar Təşkilatının “Şəfa” İstirahət Mərkəzinə göndərib. Ekoloji cəhətdən təmiz ərazidə yerləşən, şəhərin səs-küyündən kənarda, yaşıllıqlar və gözəl təbiət qoynunda olmaq qısa müddətlik də olsa, sakit  bir  yerdə dincəlmək, təmiz havada  olmaq fiziki və zehni yorğunluğu canında   hiss  edən hər kəs üçün çox böyük stimul verdi. Kollecin anbardarı Mair Məmmədov bu istirahətdən çox böyük zövq aldığını bildirir:

“Azərbaycanın dilbər güşələrindən olan Qusar rayonunda keçirdiyim bu günlər məndə çox böyük əhval ruhiyə yaratdı. Təmiz havada gəzintilər, kollektivlə birlikdə işdən kənar istirahət bütün yorğunluğumu götürdü. Son illərdi Gəncədə qar görmədiyimizdən Qusarda yağan qar bizi lap gəncliyimizə qaytardı. Kollecimizin rəhbərliyinə və Həmkarlar  Təşkilatına  bu şəraiti yaratdığları üçün dərin minnətdarlığımı bildirirəm” deyə Mair Məmmədov əlavə edib.

Həkim - metodist Gülşən Baqirova da Qusar səfərindən çox böyük ruh yüksəkliyi ilə qayıtdığını bildirir.

“Uzun müddətdir gərgin əmək fəaliyyətindən sonra bu istirahət hamı kimi məni də çox sevindirdi. “Şəfa” İstirahət Mərkəzində bizim üçün bütün şərait yaradılmışdı. Qarın yağması da lap ürəyimizcə idi. Həm fiziki həm də mənəvi istirahət etdik. Bu gözəl tədbiri təşkil edənlərə sağ ol deyirəm” deyə Gülşən Baqirova əlavə edib.

Gəncə Tibb Kollecində bu kimi tədbirlər artıq ənənə halını alıb:

“Kollecimizin kollektivi hamılıqla əl ələ verib təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində çalışır. Biz də mütəmadi olaraq onların bu gərgin əməklərinin lazımı qiymətlərini verməyə çalışırıq. Gəncə səhiyyə idarəsinin həmkarlar təşkilatının və kollecimizin yerli həmkarlar təşkilatının fəaliyyəti nəticəsində bu sayca üçüncü qrupdur ki, dincəlmələri üçün istirahət mərkəzinə göndəririk. Belə gözəl şəraitli bir istirahət mərkəzinin yaradılması ölkəmizin sosial yönümlü siyasətinin məntiqi nəticəsidir. Biz tibb işçiləri üçün yaradılan münbit şəraitə və qayğıya görə Azərbaycan Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə bütün kollektivimiz adından dərin minnətdarlığım bildirirəm. Ümidvaram ki, tibb İşçilərimizin sağlamlığının qorunması istiqamətində bu kimi tədbirlər bundan sonra da davam etdiriləcək” deyə Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev bildirib.
 
Məlumat üçün bildirək ki, Qusar şəhərində yerləşən “Şəfa” İstirahət Mərkəzinə 20 nəfər Gəncə Tibb kollecinin əməkdaşı istirahətə göndərilib.

 

30.01.2020  [ 13:20 ]
Bütün hüquqlar qorunur.!  ©  2024