GƏNCƏ TİBB KOLLECİ

Şəhidlər Ölməz, Vətən Bölünməz


Post Image

Yanvarın 17-də Gəncə Tibb Kollecində 20 Yanvar faciəsinin 30-cu ildönümü anılıb. Anım tədbirində kollecin tələbə və pedaqoji heyyəti ilə yanaşı şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılar da iştirak ediblər.

“Şəhidlər Ölməz, Vətən Bölünməz” adı altında təşkil olunan tədbirdə ilk olaraq Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollecin direktoru Mehman Rzayev çıxış edərək müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələrini  Azərbaycanın azadlıq mübarizəsinin əsas səhifələri olduğunu qeyd edərək vətən uğrunda şəhid olan hər bir vətəndaşın daima yaddaşlarda dərin hörmət və ehtiramla yaşayacağını vurğulayıb. Mehman Rzayev əlavə edib ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi.

“Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi ” deyə M.Rzayev əlavə etdi.

Sonra çıxış edən kollecin müəllimi, Qarabağ qazisi Məhəbbət İskəndərov həmin o dəhşətli günlərin acı xatirələrini bir daha xatırlayaraq Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat əhaliyə yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırılana qədər artıq öldürülənlərin sayı 100 nəfərə çatdığını vurğuladı. O qeyd etdi ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4 şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdi.

“Sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147-yə çatmışdı. Bütün bunlar onun göstəricisi idi ki, Bakıya ordunun yerləşdirilməsi burada sabitliyin bərpası yox, xalqın gülləbaran edilməsi və vəhşicəsinə qətlə yetirilməsi idi” deyə M. İskəndərov bildirdi.

Çıxışlardan sonra 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirildi, tələbələrin və pedaqoji heyətin iştirakı ilə səhnələşdirilən müxtəlif kompozisiyalar, şerlər təqdim olundu.

Şəhidlər Ölməz, Vətən Bölünməz

22.01.2020  [ 09:50 ]
Bütün hüquqlar qorunur.!  ©  2024