
Cəmiyyətin ən həssas, eyni zamanda ən saf və təmiz qəlbi olan xüsusi qayğıya ehtiyacı olan uşaqlara sevgi paylamaq, onların dünyasını rəngarəng etmək hər bir vicdanlı insanın mənəvi borcudur. Məhz bu nəcib missiyanı özünə şüar seçən Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Uşaq Hüquqları Aylığı” (20 oktyabr – 20 noyabr) çərçivəsində parlaq və yaddaqalan xeyriyyə tədbirlərindən biri reallaşdırılıb.
Kollecin "Gənclər evi"ndə baş tutan bu isti və səmimi görüş sadəcə rəsmi tədbir deyil, əsl həmrəylik və mərhəmət bayramına çevrilib. Tədbirdə Gəncə şəhər 45 saylı xüsusi məktəbin 50-ə yaxın xüsusi qayğıya ehtiyacı olan istedadlı şagirdləri, həmçinin təhsil ocağının fədakar həkim-müəllim heyəti və tələbələr yer alıblar.
Müqəddəs üçrəngli bayrağımızın kölgəsində, Azərbaycan Respublikasının Dövlət himninin qürurverici səsləri ilə başlayan tədbir, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev qonaqları salamlayaraq uşaqların sağlam, firavan və xoşbəxt gələcəyinin təmin olunmasının cəmiyyətin hər bir üzvünün üzərinə düşən tarixi məsuliyyət olduğunu xüsusi vurğulayıb:
“Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bərabər imkanların yaradılması, onların təhsilə, sağlamlığa və keyfiyyətli sosial xidmətlərə çıxışının təmin edilməsi dövlətimizin ali siyasətinin əsas prioritetlərindəndir. Bu gün cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın ölkəmizdə uşaqlara, xüsusilə də xüsusi qayğıya ehtiyacı olan məsum balalarımıza göstərilən dövlət qayğısı misilsizdir və hər birimiz üçün örnəkdir” – deyə M. Rzayev qeyd edib.
Çıxışlardan sonra tədbir əsl sənət və sevgi festivalına çevrilib. Kollecin istedadlı tələbələrinin ifasında səslənən ürəyəyatımlı mahnılar zəngin atmosfer yaradıb. Ən toxunucu və həyəcanlı anlar isə 45 saylı xüsusi məktəbin şagirdlərinin səhnəyə çıxması ilə yaşanıb. Balacaların səmimi rəqsləri hər kəsin üzündə təbəssüm yaradıb.
Görüşün sonunda Gəncə Tibb Kollecinin kollektivi və tələbələri tərəfindən xüsusi qonaqlara – məktəbli balalara xüsusi hədiyyələr təqdim olunub. Uşaqların sevinc dolu baxışları və səmimi qucaqlamaları bu tədbirin yalnız bir təqvim günü olmadığını, əsl insanlıq və mərhəmət dərsi olduğunu bir daha sübut edib. Xatirə şəkillərinin çəkilməsi ilə başa çatan bu gün hər kəsin qəlbində silinməz izlər buraxıb.