GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib


Post Image

17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Gəncə Tibb Kollecində tədbir keçirilib.

Tədbirdə kollecin müəllim və tələbə heyəti iştirak edib.

Əvvəlcə Azərbaycanın müstəqillik tarixində mühüm yer tutan 17 Noyabr – Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan ümumxalq hərəkatı Azərbaycan xalqının milli özünüdərk prosesində, azadlıq və müstəqillik uğrunda mübarizəsində yeni mərhələnin başlanğıcı olub.

Vurğulanıb ki, həmin gün Azərbaycan xalqı öz azadlıq iradəsini nümayiş etdirərək müstəqil dövlətçilik arzusu ətrafında sıx birləşib. Bu milli oyanış və azadlıq hərəkatı 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə nəticələnən tarixi prosesin mühüm tərkib hissəsinə çevrilib.

Tədbirdə çıxış edən Gülşən Bağırova və digər natiqlər müstəqilliyin əldə edilməsinin xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni səhifə açdığını bildiriblər. Bununla yanaşı, müstəqilliyi qazanmağın nə qədər çətin olduğu kimi, onu qoruyub saxlamağın da böyük siyasi iradə və qətiyyət tələb etdiyi diqqətə çatdırılıb.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və möhkəmləndirilməsindəki tarixi xidmətləri xüsusi vurğulanıb. Bildirilib ki, 1993-cü ildə ölkədə yaranmış ağır siyasi böhran şəraitində xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısı alınıb, ölkədə siyasi sabitlik və dövlət idarəçiliyi bərpa olunub. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın müstəqil dövlət kimi inkişafının möhkəm təməlləri yaradılıb.

Qeyd olunub ki, bu gün müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkənin beynəlxalq nüfuzunun artması və dövlətçilik ənənələrinin möhkəmlənməsi həmin tarixi siyasi kursun davamı kimi qiymətləndirilir.

Tədbirdə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişdirilməsinin, Azərbaycanın müstəqillik tarixinin dərindən öyrənilməsinin və dövlətçilik ənənələrinə hörmətlə yanaşılmasının vacibliyi də diqqətə çatdırılıb.

Sonda bildirilib ki, 17 Noyabr – Milli Dirçəliş Günü xalqımızın azadlıq əzminin, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin rəmzi kimi tariximizdə daim yaşayacaq.

 

17.11.2026  [ 17:21 ]
Bütün hüquqlar qorunur.!  ©  2024