GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində Zəfər Günü qeyd olundu.


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 8 Noyabr - Zəfər Gününə həsr olunan bayram tədbiri keçirilib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib.

      Tədbirə 44 günlük müharibədə fədakarlıq göstərərək canı, qanı bahasına torpaqlarımızın azad edilməsində iştirak edən General mayor Münasib Babayev, YAP Gəncə təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsinin iştirakçısı Ayxan Cavanşir oğlu Babayev və digər qonaqlar qatılmışdı.

     Açılış nitqində kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev Zəfərin 6 illiyi münasibətilə təbrikləri çatdırdı. Direktor qeyd etdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, cəsarətli qərarları və xalqımızın birliyi, şəhidlərimizin qanı, veteranlarımızın fədakarlığı nəticəsində torpaqlarımızın işğaldan azad olunması sadəcə hərbi qələbə deyildi, həm də milli ruhun, ədalətin, tarixi haqqımızın bərpası idi.

    Sonra 44 günlük müharibədə qəhrəmanlıq göstərərək Ali Baş Komandan İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, "Laçının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş General mayor Münasib Babayev Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşdü, keçdikləri şərəfli döyüş yolundan danışdı. General vurğuladı ki, rəşadətli ordumuzun döyüş meydanlarında qələbə qazanmaqları tək onların qəhrəmanlıqları deyil, o cümlədən bütün Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğ”u ətrafında sıx birləşərək bir millət olaraq öz döyüşkənliyini və mübarizliyi nümayiş etdirilməsidir.

    Çıxışlardan sonra Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirildi. Kollecin tələbələri Zəfərin 6 illiyi münasibətilə keçirilən tədbirdə hazırladıqları şeirləri, mahnıları, rəqsləri ifa etdilər. Onların çıxışları böyük şövq və alqışlarla qarşıladı.

   Sonda xatirə şəkilləri çəkdirildi.

06.11.2026  [ 12:10 ]
Bütün hüquqlar qorunur.!  ©  2024