
Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Gəncə Tibb Kollecinin tələbələrinin maarifləndirilməsi istiqamətində görüş keçirib. Tədbirdə vurğulanıb ki, dövlətimiz tərəfindən gənclərin təhsil almaları üçün münbit şərait yaradılıb. Çıxış edənlər dövlət başçısı İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində həm orta ümumtəhsil məktəblərində, eləcə də orta ixtisas və ali məktəblərdə yüksək şərait yaradıldığını qeyd ediblər.
Fondun əməkdaşları çıxış edərək bildirdi ki, Prezident İlham Əliyev 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən yaradılan “Təhsil Tələbə Krediti Fondunun Nizamnaməsi” təsdiq edilib və bu fondun yaradılmasında məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Fondun nümayəndəsi tələbələrə TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verib.
Sonda kollecin tələbələrini maraqlandıran suallar fond nümayəndəsi tərəfindən cavablandırılıb.