GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Məzun günü” və əmək yarmarkası keçirilib


Post Image

Azərbaycanda orta tibb işçiləri hazırlayan ən qocaman təhsil müəssisələrindən biri olan Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində məzun günü keçirilib. Kolleci 2025-2026-ci tədris ilində “Tibb bacısı (qardaşı)” işi, “Mamalıq” işi, “Əczaçılıq”, “Tibbi profilaktika”, “Ortopedik stomatologiya” və “Laboratoriya diaqnostikası” ixtisasları üzrə bitirən ümumilikdə 310 tələbə məzun adını qazanıb.

     Məzun günündə tələbələri salamlayan kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev vurğulayıb ki, hazırda tibb təhsil müəssisəsində yüksək keyfiyyətli təhsil almaq üçün lazım olan şərait yaradılıb. Qeyd edilib ki, bu gün dövlətimiz Azərbaycanda səhiyyə müəssisələrinin təmiri və texniki təchizatı ilə bərabər həm də həkim və orta tibb işçilərinin səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparır.

    Sonra çıxış edən kollecin həkim-müəllimləri və eləcə də məzunlar geridə qalan 3 ilə nəzər salaraq tibb elminin çətin, lakin şərəfli yolunda atdıqları birgə addımları bir daha xatırladılar.

    Çıxışlar bitdikdən sonra 3 il müddətində təhsil və kollecinin ictimai həyatında fərqlənən məzunlara fəxri diplomlar təqdim olundu. Tələbələr içərisində ilk dəfə bir nəfər “Fəxri məzun”, bir tələbə isə “İlin məzunu” seçilib.

Məzun günü yekunlaşdıqdan sonra Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin Tələbə Evində  məzun əmək yarmarkası təşkil olunub. Qərb bölgəsinin 10-dan çox dövlət və özəl tibb müəssisələrinin qatıldığı tədbirə məzunların marağı böyük idi. Kolleci bitirən məzunlar işverən tibb müəssisələrinin əməkdarları ilə birbaşa ünsiyyətdə olaraq vakansiyalarla maraqlanıb, öz məlumatlarını onlarla bölüşüblər.

    Məzun əmək yarmarkasında Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən tibb müəssisələri boş olan və yaxın zamanlarda boşala biləcək vakansiyaları məzunlara təqdim ediblər. Bu tədbir bu il kolleci bitirərək məzun olan tələbələr üçün iş tapmaq baxımından çox səmərəli olub.

   Tədbir kollecin tələbələrinin ifasında musiqi nömrələri və rəqslərlə davam etdirilib.

Sonda xatirə şəkilləri çəkdirilib.

06.07.2026  [ 15:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024