
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Səhiyyə sistemində rəqəmsallaşma və innovativ idarəetmə üsullarının tətbiqi” mövzusunda tədbir keçirilib.
Tədbirin əsas məqsədi kollecin pedaqoji heyəti üçün müasir proqram təminatlarının imkanları, tətbiq mexanizmləri və səhiyyə sahəsində rəqəmsal yeniliklər barədə məlumatlandırılması olub. İclasda kollecin rəhbər, həkim-müəllim heyəti, İKT üzrə məsul olan şəxslər iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, müasir dövrdə səhiyyə sistemində rəqəmsallaşma və innovativ idarəetmə üsullarının tətbiqi böyük əhəmiyyət daşıyır. Bu baxımdan “SİNAM” proqramı tibbi məlumatların operativ idarə olunması, elektron sistemlərin təkmilləşdirilməsi və səhiyyə müəssisələri arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm rol oynayır.
Tədbirdə proqramın texniki imkanları, elektron səhiyyə sisteminə inteqrasiyası, məlumat təhlükəsizliyi və gələcək perspektivləri barədə geniş təqdimat nümayiş etdirilib. Bildirilib ki, layihənin əsas məqsədlərindən biri tibb işçilərinin rəqəmsal bacarıqlarının artırılması və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir.
İclas zamanı qeyd olunub ki, bu cür maarifləndirici görüşlər tibb mütəxəssislərinin peşəkar inkişafına, onların müasir səhiyyə sisteminə uyğun hazırlanmasına mühüm töhfə verir.
Sonda iştirakçılar belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayaraq, səhiyyə sahəsində innovativ layihələrin tətbiqinin ölkənin tibbi xidmət sisteminin inkişafına xidmət etdiyini bildiriblər.