
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində "Karyeranın qurulması və əczaçılığın inkişaf yolları" mövzusunda tədbir keçirilib. Toplantıda Gəncəbasar bölgəsində fəaliyyət göstərən əczaçılıq şirkətlərinin nümayəndələri ilə hazırda kollecdə təhsil alan tələbələr bir araya gəlib. Əczaçılar və təhsil əməkdaşlığı çərçivəsində keçirilən bu görüş gənc mütəxəssislərin peşəkar həyata hazırlanmasına töhfə vermək məqsədi daşıyıb. Şirkət nümayəndələri tələbələrə bir sıra vacib istiqamətlər üzrə məlumat və tövsiyələr təqdim edib. Görüşdə əmək fəaliyyətinin qurulması-əczaçılıq sahəsində karyeraya ilk addımlar, işə qəbul prosesinin xüsusiyyətləri və sektorda tələb olunan bacarıqlar barədə praktik məlumatlar paylaşılıb. Bundan başqa əczaçının klinik əczaçıdan tutmuş əczaçılıq menecmentinə qədər uzanan karyera yolları, ixtisaslaşma imkanları və peşəkar artımın əsas mərhələləri izah edilib. Tədbirdə həmçinin tibb və əczaçılıq sahəsinə uyğun özünütəqdim sənədlərinin hazırlanması, şirkətlər ilə tələbələr arasında staj, könüllülük və məşğulluq əməkdaşlığının qurulması mexanizmləri barədə danışıb.
Qeyd olunub ki, Azərbaycanda əczaçılıq bazarı sürətlə inkişaf edən sahələrdən biri kimi öndədir. Ölkədə ümumi əczaçılıq şəbəkəsinin genişlənməsi, dərman preparatlarının yerli istehsalının artırılması istiqamətində görülən işlər və tibb infrastrukturunun modernləşdirilməsi bu sahəni perspektivli karyera seçimi edir. Gəncəbasar bölgəsinin regional mərkəz kimi əhəmiyyəti nəzərə alındıqda, yerli əczaçılıq mütəxəssislərinə olan tələbat da artmaqdadır. Görüşdə kollec rəhbərliyi bildirib ki, bu tipli tədbirlər müntəzəm xarakter alacaq və tələbələrə bazarın real tələbləri ilə tanışlıq imkanı verəcək.