
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində ölkəmizin ev sahibliyi edəcəyi mötəbər tədbirlərdən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) dəstək məqsədilə “Tərəqqi və yüksəlişin davamı – Şəhərsalma və memarlıq ili” mövzusunda konfrans baş tutub.
Tədbirdə çıxış edənlər Azərbaycanın son illərdə şəhərsalma və infrastruktur sahəsində əldə etdiyi nailiyyətlərdən, ölkə rəhbərliyinin rəhbərliyi ilə həyata keçirilən müasir layihələrdən bəhs ediblər. Qeyd olunub ki, 2026-cı ildə Bakı şəhərinin WUF13-ə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenadakı nüfuzunun və şəhərsalma sahəsindəki uğurlarının növbəti təsdiqidir.
Konfransda Gəncə Tibb Kollecinin həkim-müəllimi Gülşən Bağırova “WUF13 – Dünya Urban Forumu Bakıda” mövzusunda geniş məruzə ilə çıxış edib, urbanizasiya proseslərinin insan sağlamlığına və həyat keyfiyyətinə təsirlərinə toxunub. O, müasir şəhərsalma standartlarının, “ağıllı şəhər” və “yaşıl zona” konsepsiyalarının ekoloji mühitin qorunmasındakı rolunu vurğulayaraq, Bakıda keçiriləcək forumun bu sahədə qlobal təcrübənin ölkəmizə gətirilməsi üçün əvəzsiz fürsət olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən digər məruzəçilər də həmçinin işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin, “Ağıllı kənd” və müasir memarlıq nümunələrinin dünya üçün bir model təşkil etdiyini qeyd ediblər.
Sonda “Təhlükəsiz və dayanıqlı şəhərlər- WUF-13” adlı video film nümayiş etdirildi.