
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində oftalmoloq-alim, Azərbaycan tibb elminə öz bilik və bacarığı ilə böyük töhvələr vermiş, nəcib xanım, əsl ana, akademik Zərifə xanım Əliyevanın 103 illik yubileyi münasibətilə “Zərifə Əliyeva işığında” adlı konfrans keçirilib.
Konfrans Azərbaycan himninin səsləndirilməsi ilə başladı. Sonra Ümummilli lider Heydər Əliyevin, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın bütövlüyü, torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı.
“Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşib. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı olmaq kimi böyük bir məsuliyyəti şərəflə daşıyan Zərifə xanım, həm də həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənib, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb”. Bu fikirləri konfransın açılışında kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev söyləyib. O qeyd edib ki, böyük alimin illər öncə söylədiyi "Həkim xəstənin ağrılarını öz ağrıları kimi yaşamalıdır" fikri bu gün də olduqca aktualdır. Z.Əliyeva həqiqi alim kimi bütün çətinliklərdən keçmiş, vətən qarşısında ziyalı məsuliyyəti, dərin biliyi və dünya görüşü sayəsində mühüm elmi nailiyyətlərə imza atmışdır.
Sonra çıxış edən digər natiqlər də Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə nəzər salaraq vurğuladılar ki, görkəmli akademik gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M. Averbax adına mükafatına layiq görülüb və Zərifə xanım keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim olub.
Sonra görkəmli alim, Zərifə Əliyevanın həyat və fəaliyyətində bəhs edən sənədli film nümayiş olundu.
Tədbirin sonunda kollecin tələbələrinin ifasında mahnılar, şerlər səsləndirildi, rəqslər tədbirə xüsusi maraq qatdı.