
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində oftalmoloq-alim, Azərbaycan tibb elminə öz bilik və bacarığı ilə böyük töhvələr vermiş, nəcib xanım, əsl ana, akademik Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar tədbir keçirilib.
Konfrans Azərbaycan himninin səsləndirilməsi ilə başladı. Sonra Ümummilli lider Heydər Əliyevin, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın bütövlüyü, torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı.
“Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşib. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı olmaq kimi böyük bir məsuliyyəti şərəflə daşıyan Zərifə xanım, həm də həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənib, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb”. Bu fikirləri tədbirin açılış mərasimində kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev söyləyib. O qeyd edib ki, böyük alimin illər öncə söylədiyi "Həkim xəstənin ağrılarını öz ağrıları kimi yaşamalıdır" fikri bu gün də olduqca aktualdır.
Sonra çıxış edənlər Z.Əliyevanın həqiqi alim kimi bütün çətinliklərdən keçdiyini, vətən qarşısında ziyalı məsuliyyəti, dərin biliyi və dünya görüşü sayəsində mühüm elmi nailiyyətlərə imza atdığını vurğulayıblar. Natiqlər həmçinin Zərifə xanım Əliyevanın gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M. Averbax adına mükafatına layiq görüldüyünü diqqətə çatdırıblar və Zərifə xanım keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim olub.
Sonda Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən” Şərəfli ömrün nuru” adlı sənədli film nümayiş etdirildi, tələbələr şerlər söylədi.