GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Milli Dirçəliş Günü qeyd olunub


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 17 Noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Çıxış edən kollecin tələbələri 17 Noyabr - Milli Dirçəliş Gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb. Qeyd ediblər ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi olub.

   Tariximizə Milli Dirçəliş Günü kimi düşən 17 noyabrın mənəvi əsasları isə əslində ötən əsrin 60 illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlanıb. Xalqa sağlam ruh və özünü dərk gətirən Heydər Əliyev Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, elmin, mədəniyyətin dirçəlişinə xüsusi önəm verdi. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Ulu Öndərin Respublikada yaratdığı bu mənəvi, psixoloji, iqtisadi baza təxminən 20 il sonra Sovetlər birliyi dağıldıqdan sonra xalqın dayağı olub.

    1990-cı il  noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində yeni tərkibdə keçirilən ilk sessiyada  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul edildi və bununla  əlaqədar Azərbaycan Ali soveti qarşısında vəsatət qaldırdı. Beləliklə milli dirçəlişdən milli tərəqqiyə uzanan yolun başlanğıcı qoyulub.

   Sonda tələbələr Milli Dirçəliş Günü ilə bağlı şeirlər səsləndiriblər.

17.11.2025  [ 16:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024