
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində cəmiyyətin ən həssas qruplarından biri, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğının artırılması məqsədilə növbəti tədbir həyata keçirilib.
Kollecin “Tələbə evi”ndə düzənlənən tədbirdə Gəncə şəhər 45 saylı xüsusi məktəbin 50-ə yaxın xüsusi qayğıya ehtiyacı olan şagirdləri, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, kollecin həkim-müəllim kollektivi, tələbələr iştirak edib.
Azərbaycan Respublikasını Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayan tədbiri giriş sözü ilə açan M. Rzayev qonaqları salamlayaraq uşaqların sağlam və xoşbəxt böyüməsi, onların hüquqlarının qorunmasının hər birimizin borcu olduğunu vurğulayıb:
“Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bərabər imkanların yaradılması, təhsil, sağlamlıq və sosial xidmətlərə çıxışın təmin edilməsi dövlətin və cəmiyyətin əsas prioritetlərindəndir. Bu gün ölkə başçısı Cənab İlham Əliyev, birinci vitse president Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondu uşaqlara, əsasən də xüsusi qayğıya ehtiyacı olan uşaqlara böyük həssaslıqla yanaşır, diqqət və qayğı göstərir”- deyə M. Rzayev qeyd edib.
Sonra kollecin tələbələrinin ifasında mahnılar səsləndirilib.
45 saylı xüsusi məktəbin şagirdləri də tədbirə özlərinin hazırladıqları şeirlər, mahnılar, rəqslərlə rəng qatıblar. Onların ifası alqışlarla qarşılanıb.
Görüşün sonunda kollecin kollektivi və tələbələri tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyələr verilib.