GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Azad Qarabağa böyük qayıdış ” adlı konfrans keçirildi.


Post Image

    Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Azərbaycanın rəşadətli ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunmasının 5-ci ildönümü ərəfəsində “Azad Qarabağa böyük qayıdış” adlı konfrans keçirilib. Azərbaycanın Dövlət Himni və torpaqlarımızın azadlığı uğrunda canın keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edən kollecin direktoru, Əməkdar Həkim Mehman Rzayev Azərbaycan tarixinin ən şərəfli və qızıl hərflərlə yazılan Qarabağ Zəfərindən danışdı. O, vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müraciətindən sonra  xalqımız “Dəmir Yumruq” ətrafında sıx birləşdi, haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızı canı, qanı bahasında olsa da azad edib.

“Tariximizə qızıl hərflərlə yazılan, əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz Azərbaycanın parlaq qələbəsi ilə nəticələndi. Torpaqlarımız azad olundu və bu gün Qarabağda və Şərqi Zəngəzurda böyük sürətlə yenidənqurma və tikinti işləri gedir. Azad olunan şəhər və kəndlərimiz yenidən qurulur. Artıq həmvətənlərimiz öz ata–baba yurdlarına qayıdırlar. Bu tarixi qələbədir” - deyə M.Rzayev əlavə edib.

   Sonra çıxış edən kollecin həkim-müəllimləri, tələbələri işğaldan azad olunan və ölkə başçısı İlham Əliyevin sərəncamı ilə şəhər günləri qeyd edilən Laçın, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər şəhərləri haqqında danışıblar. Qeyd olunub ki, bu gün bütün azad olunmuş ərazilərdə infrastruktur bərpa olunur, yeni məktəblər, xəstəxanalar, yaşayış evləri tikilir. Bir zamanlar zorla öz dədə-baba yurdlarından didərgin salınan soydaşlarımız evlərinə, doğma torpaqlarına qayıdırlar.

   Sonra kollecin tələbələrinin ifasında Qarabağa və azad edilən torpaqlarımıza həsr olunan şeirlər, mahnılar səsləndirilib.

   Konfrans “Azad Qarabağa böyük qayıdış” adlı sənədli filmin nümayişi ilə sona çatıb.

21.10.2025  [ 12:10 ]
Bütün hüquqlar qorunur.!  ©  2024