Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə tələbələrin görüşü keçirib. Kollecin direktoru Mehman Rzayev çıxış edərək tələbələrə dövlət qayğısından danışıb, təhsil tələbə kreditinin təhsilin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə yüksək keyfiyyətli əlçatan olmasını vurğulayıb.
Sonra çıxış edən Təhsil Tələbə Krediti Fondunun Təhsil məsələləri üzrə iş şöbəsinin baş mütəxəssisi Mirşahin Abdullayev və aparıcı mühasib Kənan Əliyev təhsil kreditlərin verilməsinin şərtləri, mərhələləri və kredit şərtlərinin üstünlükləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondunun əsas missiyası təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır. Vurğulanıb ki, Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən tələbələr bu imkandan istifadə edərək təhsillərini davam etdirmək imkanı qazanıblar.
Görüşün sonunda təhsil kreditlərinin verilməsi ilə bağlı tələbələrin sualları ətraflı cavablandırılıb.