Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları Gəncə Tibb Kollecində “İlkin tibbi yardım” mövzusunda maarifləndirilmə seminar keçirib. Təşkil olunan seminarda Gəncə və ətraf rayonların icra nümayəndələri iştirak ediblər. Seminarda 20 müdavim dinləyici olub.
Tədbiri giriş sözü ilə açan Gəncə Tibb Kollecinin Mülki-müdafiə qərargah mühəndisi Sevda Abbasova kollecin və FHN-nin Gəncə Regional Mərkəzinin işçi heyətinin sıx əməkdaşlıqlarını qeyd edib, kollecin həkim-müəllimlərinin ilkin tibbi yardımın təşkili ilə bağlı keçdikləri dərslərin hər bir zaman maraqla dinlənildiyini vurğulayıb.
Seminarda həkim-müəllimlər Cəvahir Qarayeva və Yeganə Hüseynova qanaxmalar, travma, boğulmalar, zəhərlənmələr, suda boğulma, ilan sancması, yanıqlar, epileptik tutmalar, cərəyan və ildırım vurması, arı sancması göstərilən ilk tibbi yardımlardan, sipiyar tətbiq haqqında geniş məlumatlar verib. Mövzular auditoriyanın böyük marağına səbəb olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
FHN_nin Gəncə Regional mərkəzinin əməkdaşları Mayor Rəşad Abdullayev, Kapitan Elçin Məmmədov və seminar iştirakçıları keçilən dərslər üçün kollecin rəhbərliyinə və həkim-müəllimlərə öz təşəkkürlərini bildiriblər.