Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, habelə öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək, ümumxalq partiyasına çevrilib.
Bu sözlər YAP Gəncə Tibb Kolleci ərazi ilk partiya təşkilatında videoformatda keçirilən iclasda səsləndirilib. YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət və demokratiya gətirən Yeni Azərbaycan Partiyasının nüfuzu günbəgün artır və sıraları genişlənir.
Respublikamızın Qərb regionunda orta ixtisaslı tibb kadrları hazırlayan yeganə təhsil müəssisəsi olan Gəncə Tibb Kollecinin üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlir və bölgənin səhiyyə müəssisələrinin yüksəkixtisaslı kadrlarla təmin edir – deyə Naqif Həmzəyev qeyd edib. Millət vəkili Gəncə Tibb Kollecində dövlətimizin daha da inkişafı naminə Yeni Azərbaycan Partiyasıın Sədri, Prezidentimiz İlham Əliyevin ətrafında işgüzar, vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq əməkdaşların sıx birləşdiyini xüsusi ilə vurğulayıb.
Kollecin direktoru Əməkdar həkim Mehman Rzayev Yeni Azərbaycan Partiyasının, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə daha da gücləndiyindən danışıb.
Mehman Rzayev Kollecin əməkdaşlarının, tələbələrinin könüllü olaraq üzvlük üçün ərazi ilk partiya təşkilatına müraciət etməsi partiyanın Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət və demokratiya gətirməsindən xəbər verdiyini qeyd edib.
Kərimxan Qurbanov, Gülşən Bağırova, Sevinc Daşdəmirova çıxış edərək, ərazi ilk təşkilatının fəaliyyəti haqqında müsbət fikirlərini diqqətə çatdırıblar.
Daha sonra təşkilatı məsələyə baxılıb, Mətanət Nəbizadə ərazi ilk partiya təşkilatının sədri, İlhamə Qurbanova sədr müavini seçilib.