Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar təşkil olunan videokonfransa millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri qatılıb. Konfransı giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev görkəmli dövlət xadimi, təcrübəli siyasətçi, ölkəmizi davamlı inkişaf yoluna çıxaran ulu öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açıb. Millət vəkili qeyd edib ki, Ümummilli Lider Azərbaycanda siyasi hakimiyyətə gəldiyi andan daim milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına çalışıb. Naqif Həmzəyev onu da bildirib ki, bu gün Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi, Azərbaycana hər sahədə qələbələr qazandırır, həmçinin Azərbaycanı dünya ölkələri arasında dayanıqlı inkişafı olan,müstəqil siyasət aparan bir dövlətə çevirib.
Konfransa qatılan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor İbrahim Cəfərov, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində ölkədə vətəndaş müharibəsinin dayandırıldığını, Milli Ordumuzun döyüş qüdrətinin artırılması və bunun nəticəsində Qarabağın işğalına son qoyulduğunu qeyd edib. Qısa bir zamanda Ulu Öndərin rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəlişin təmin edildiyini, Azərbaycanın beynəlxalq nüfuzunun artdığını bildirən İbrahim Cəfərov bütün bunların fonunda müstəqilliyimizin dönməz xarakter aldığını ifadə edib.
Ümummilli Lider Heydər Əliyev xalqımız üçün böyük bir siyasi irs, dövlətçilik məktəbi, dövlətçilik yolu qoyub. Yalnız bu yol Azərbaycanı daha irəliyə, daha böyük uğurlara aparacaq. Onun xalqımız üçün gördüyü misilsiz işləri saymaqla bitirmək mümkün olmadığını deyən AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Heydər Əliyev irsinin daima yaşayacağını ifadə edib.
Azərbaycanın hərtərəfli inkişaf və tərəqqi yolunda olduğunu qeyd edən Milli Məclisin deputatı Pərvin Kərimzadə, bütün bu uğurlara, nailiyyətlərə Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı düşünülmüş və praqmatik siyasət sayəsində nail olduğumuzu vurğulayıb.
Videokonfransa qoşulan millət vəkili Müşfiq Cəfərov isə Heydər Əliyevin Azərbaycanın siyasi, iqtisadi, sosial həyatına yeni nəfəs, yeni ruh gətirdiyini qeyd edib. Millət vəkili, bütün sahələrdə olduğu kimi iqtisadi sahənin canlanması və dirçəlişi də məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, yalnız Heydər Əliyev zəkası Azərbaycanı tənəzzüldən tərəqqi edən bir respublikaya çevirə bilərdi.
Ümummilli liderin Azərbaycanın inkişafında, dirçəlişində hər bir sahəsindəki müstəsna xidmətlərinə toxunan Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, Heydər Əliyevin ölkənin tibb sahəsinin inkişafında, yeni mərhələyə qədəm qoymasındakı xidmətlərindən bəhs edərək, bu gün Azərbaycanın bütün bölgələrində, şəhər və rayonlarında ən müasir tələblərə cavab verən tibb ocaqlarının fəaliyyətinə diqqət çəkib.
Gəncə Dövlət Universitetinin dosenti Asif Cavadov isə öz çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə, Azərbaycan elminə verdiyi dəyərdən çöz açıb.
Sonda konfransa qatıldığı üçün hər kəsə minnətdarlığını bildirən millət vəkili Naqif Həmzəyev Ümummilli Lider Heydər Əliyevin, xalqını, millətini, dövlətini sevən hər bir Azərbaycanlının qəlbində əbədi yaşayacağını ifadə edib.