GƏNCƏ TİBB KOLLECİ

Zəngin tarixə malik olan Şuşa


Post Image

8 noyabr 2020- ci il müasir Azərbaycan Tarixinə qızıl hərflərlə yazılan, qeyrət qalası, mədəniyyət beşiyi, muğam yuvası, tarixi abidə olan  Şuşanın işğaldan azad olunduğu gündür. Azərbaycanın dilbər güşələrindən olan Şuşa haqqında çox yazılıb. Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağlarının əzəmətindən söz açılıb. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə , ədəbiyyatımıza , incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən,  Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu, dahi bəstəkar Üzeyir Hacıbəyli, Bülbül, Rəşid Behbudov kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa  Şərq memarlıq üslubu  ilə də fərqlənir.  

Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini belə ifadə etmişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Prezident İlham Əliyevin bildirdiyi kimi, Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhər, əziz bir torpaq, əziz bir qala və əziz bir abidədir.

1992-ci il mayın 8-də Ermənistanın silahlı ordusunun  hücumları nəticəsində  Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu, 24.900 əhalisi olan Şuşa işğal olundu. Yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil oldu. İşğal nəticəsində Şuşadakı bir sıra mədəniyyət abidələri düşmən tərəfindən talan , tarixi abidələr məhv edildi. O zaman riyaziyyat müəllimi, hərbi sahədə heç bir bilik və təcrübəyə malik olmayan, bacarıqsız müdafiə naziri Rəhim Qazıyevin səhvləri üzündən pərakəndə aparılan döyüşlər, yaranan hərc- mərclik Şuşanın müdafiəsini çətinləşdirirdi.

Azərbaycanda xalqımızın "Qarabağın döyünən ürəyi", "Sən tarixin özüsən, Azərbaycanın gözüsən" deyə bəhs etdikləri Şuşa şəhərinin işğaldan azad olunması xəbərini həyəcanla gözləyirdi.

Nəhayət Qələbə əhval-ruhiyyəsinə köklənən Azərbaycan xalqı 2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevdən Müzəffər Ordumuzun Şuşanı işğaldan azad etdiyi barədə xəbəri də eşitdi.

Cənab Prezident Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə qeyd edib:
“Biz indi Şuşaya qayıtmışıq. Artıq Şuşa azaddır. Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 8 noyabr 2020- ci il Azərbaycan tarixində əbədi qalacaq, əbədi yaşayacaq. Bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür.Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl – 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir.

Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”, – deyə dövlət başçısı bildirib.

Bu günlər Şuşa şəhərinin Azərbaycan- Türkiyə bayraqları ilə bəzədilməsi şəhərə misilsiz gözəllik və əzəmət verir. İki qardaş dövlətin qucaqlaşan bayraqları dövlət Liderlərinin səmimi münasibətlərindən xəbərdarmış kimi nazlı- nazlı dalğalanır.İnsan bu mənzərəni seyr etməkdən zövq alır.

Milli musiqimizin sədaları altında Şuşanın küçələri, Cıdır düzü 28 illik işğaldan sonra dəhşətli yuxudan oyanır. Dahilərimizin- Pənah xanın, Natəvanın, Bülbülün, Üzeyirin ruhu, Şəhidlərimizin və  neçə-neçə əzizlərimizin ruhları  şad olur.

Müzəffər şanlı ordumuzun şücaəti ilə, Şəhidlərimizin qanı bahasına böyük bir tarixi qələbə qazandıq. Bu sevinci bizə yaşadan Ali Baş Komandana sonsuz minnətdarıq.

Bu gün belə Prezidentin çıxışını təkrar izlədikdə qürurdan, həm də sevincdən gözlərimiz dolur. Tam səmimiyyətimlə demək istəyirəm ki, Şuşanın təhsil ocaqlarının birində  tədris etmək üçün qəlbim çırpınır.

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Şuşa bizimdir! Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!!!

Gəncə Tibb Kolleci HFBS Hüseynova Şəfiqə

 

18.06.2021  [ 09:20 ]
Bütün hüquqlar qorunur.!  ©  2024