GƏNCƏ TİBB KOLLECİ

Vaksinasiya strategiyası


Post Image

Məlumdur ki, COVID-19 xəstəliyi SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir. ÜST  əvvəlcə COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, daha sonra 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir.

Xəstəliyin sürətlə yayılması və əhatə dairəsinin geniş olması səbəbiylə COVID-19 xəstəliyinin qarşısının alınması üçün virus pandemiyasının törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Pandemiya elan olunan gündən karantin rejimi tətbiq olunmaqla yanaşı dövlət səhiyyə sisteminin imkanlarının gücləndirilməsi, yeni modul tipli klinikaların istismara verilməsi, özəl klinikaların əksepidemik tədbirlərə cəlb olunması, bu xəstəliyin müalicəsində lazımi dərman vasitələri ilə, avadanlıqlarla və qoruyucu vasitələrlə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.

Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir. Mövcud pandemiya şəraitində bu istiqamətdə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. Bunlardan biri də əhali arasında planlı vaksinasiyanın aparılmasıdır ki, bu da “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın qəbul edilməsini zəruri etmişdir.

Ölkədə insanların sağlamlığının qorunması, xəstəliyinin vaksinasiya ilə qarşısının alınması, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaq məqsədilə vaksinasiya tədbirləri həyata keçirilir. Məlumdur kı,dövlət tərəfindən həyata keçirilən vaksinasiya tədbirləri bütün vətəndaşlar üçün profilaktik vaksinasiya pulsuz aparılır.

Strategiyanın əsas hədəflərindən biri epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılmasıdır. Bu hədəfə nail olmaq üçün əhalinin ictimai cəhətdən mühüm və tibbi cəhətdən yüksək risk qrupları maksimal dərəcədə vaksinasiya ilə əhatə olunmuşdur.

COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın uğurlu icra edilməsi üçün Strategiya mövcud olan epidemik vəziyyəti və infeksiyanın yayılma təhlükəsini dərk edərək vətəndaşın özünün və digərlərinin sağlamlığının qorunması məqsədilə vaksinasiyada könüllü olaraq iştiraketmə qərarını verməsi prinsipini, mübarizədə effektiv, keyfiyyətli və təhlükəsiz vaksinin seçilməsini təmin edir.

COVID-19 xəstəliyinə qarşı hazırlanan vaksinlər mövcud vaksinlərdən fərqli olaraq yeni elmi platformalarda tam yeni molekulyar texnologiyalar əsasında işlənilib hazırlanılır.

Qeyd edək ki,müəyyən edilmiş vaksinlərin təhlükəsizliyinə, saxlanılmasına və daşınmasına dövlət nəzarəti, vaksinasiyanın səmərəliliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, əhali arasında maarifləndirmə tədbirlərinin aparılması, gözlənilməyən və qeyri-müəyyən postvaksinal fəsadlar baş verdikdə vətəndaşların tibbi və sosial müdafiəsi daim diqqətə alınır.

Əhali arasında vaksinasiyanın əhatə dairəsini genişləndirmək üçün maarifləndirmə tədbirləri həyata keçirilməklə yanaşı vaksinasiya üzrə bütün beynəlxalq əməkdaşlıq platformalarından effektiv istifadə edilir. Eyni zamanda Respublikamızda səyyar xidmətlər təşkil olunaraq fiziki məhdudiyyətləri olan və ucqar ərazilərdə yaşayan vətəndaşların evlərində vaksinasiya işi həyata keçirilir.

COVID-19 xəstəliyinin səbəb olduğu epidemioloji vəziyyətin stabilləşdirilməsi və onun mənfi nəticələrini azaltmaq məqsədilə görülən tədbirlər səhiyyə sisteminin, immunlaşdırma xidmətlərinin və müvafiq logistika işlərinin gücləndirilməsini əhatə edir.

Cənab Prezident İlham Əliyevin uzaqgörənliklə ölkəmizə daxil etdiyi vaksinasiya platformaları nəticəsində ölkəmizdə artıq 4 növ vaksin növü vardır. Onlar:  Çinin "Sinovac" və ya" CoronaVac", Rusiyanın "Sputnik", Almaniyanın "Pfizer" və "AstraZeneca"-dırlar. Artıq əhalinin sərbəst vaksin seçimi var. Qeyd edək ki, onların hər biri effektiv və təhlükəsizdir.

Respublikamızda yanvarın 18-də tibb işçilərinin vaksinasiyası ilə start götürən peyvəndlənmə bütün rayonlarda uğurla davam edir. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, fevralın 8-dən yaşı 65-dən yuxarı, fevralın 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin, martın 3-dən isə ilkin olaraq paytaxtdakı ümumtəhsil müəssisələrinin yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətinin vaksinasiyası, bu günlərdə isə, 40 yaşdan yuxarı olan şəxslərin vaksinasiyasına başlanılıb. 

Artıq Azərbaycanda risk qrupuna daxil olan səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, həkimlər, polislər vaksinasiya olunublar.

Məlum olduğu kimi, əksepidemik tədbirlərin dövlət tərəfindən idarə olunması nəticəsində mövcud vəziyyətin ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısı alınmışdır.

Pandemiya şəraitində əhali arasında xəstələnmə hallarının digər ölkələrlə müqayisədə az olması, ölüm səviyyəsinin yüksək olmaması aparılmış əksepidemik tədbirlərin səmərəliliyini əks etdirir.
     
Gəncə Tibb Kolleci:  HFBKS  Hüseynova Şəfiqə Səttar qızı

Xəbəri dostlarınla paylaş :  


30.07.2021  [ 18:50 ]
Bütün hüquqlar qorunur.!  ©  2024