GƏNCƏ TİBB KOLLECİ

Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır


Post Image

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel 18 iyul  2021-ci ildə Azərbaycana rəsmi səfər gəlmişdir. Prezident İlham Əliyev Şarl Mişeli qəbul etmişdir. Görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçirmişdilər. Mətbuat konfransında çıxış edən Prezident İlham Əliyev Avropa ittifaqı ilə Azərbaycan arasındakı münasibətlərə toxunaraq bildirmişdir ki, Avropa ittifaqı bizim üçün yaxın tərəfdaşdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri tərəfdaşlığımızın göstəricisidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur. Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm tərəfdaş olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğulamışdır ki, enerji təhlükəsizliyinin təmin olunması əməkdaşlığın əsas istiqamətlərindən biridir. Enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans - Adriatik kəməri artıq istismara verilib. Yanvarın birindən bugünədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanistan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq. Azərbaycan Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi  Məşvərət Şurasına sədrlik edir. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət şurası bu lahiyənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda inteqrə olunmuş  kəmər sistemi və nəhəng " Şahdəniz-2" qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əmədaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyalarının həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Qaz təchizatçısı kimi Azərbaycanın potensialı artacaq və bu, ixracatçı olaraq bizim üçünŞ, tranzit ölkələr üçün və istehlakçılar üçün imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşurutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də ayrı enerji təhlükəsizliyi layihəsinə çevirir.

Avrasiya regionunda Azərbaycanın geosiyasi baxımdan mühüm nəqliyyat roluna malik olmasına toxunan Prezident İlham Əliyev qeyd etmişdir ki, nəhəng nəqliyyat infrastruktur layihələri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir.

İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Bu gün daha miqyaslı əməkdaşlıq üçün yeni imkanlar yaranıbdır. İnnovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıq. Avropa İttifaqı ilə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Mövcud əlaqələrə əlavə, növbəti təkan verilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan iş birliyi deyil. Avropa İttifaqının hesab etdiyi iki prioritet -iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başlanılan layihələrin əsasında olmalıdır.
 
İkinci Qarabağ müharibəsinin nəticələri haqqında danışan Prezident İlham Əliyev onu da diqqətə çatdırmışdır ki, Azərbaycan öz qələbəsilə bütün regionda yeni reallıq yaradıb. Azərbaycan Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir. Azad edilmiş torpaqlarda quruculuq işlərinin həyata keçirilməsinə toxunan prezident İlham Əliyev qeyd etmişdir ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaqdır. İşğaldan azad olunmuş ərazilər xarici investisiyalar üçün açıqdır. Burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır. Xarici sərmayə üçün cəlbedici sahə turizm ola bilər. Dünya bankının " Doing Business" hesabatına əsasən, Azərbaycan biznes mühitinə görə dünyada 28-ci yerdədir və Azərbaycanda xarici sərmayələr müvafiq qaydada qorunur.

Azərbaycanın artan iqtisadi potensialına toxunan Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan Xəzər regionunda ən böyük dəniz donanmasına malikdir. Bu, bizə Şərqdən Qərbə və əks istiqamətdə yüklərin nəqlini artırmağa imkan verir. Azəraycan bu yaxınlarda yükaşırma qabiliyyəti 10 milyon ton olan və yükaşırma qabiliyyətinin 25 milyon tonadək artırılması potensialına malik olan Ələt Beynəlxalq Ticarət Limanının açılışını edib. Bu, Azərbaycanın loqistik və nəqliyyat şəbəkəsinin ən mühüm elementlərindən biridir. Davos Dünya İqtisadiyyatı Forumunun qiymətləndirilməsinə əsasən Azəraycanda yolların keyfiyyəti dünyada 24-cü, dəmir yolu xidmətləri 11-ci, hava yolu xidmətləri 12-ci yerdədir. Bu, həqiqətən də onu göstərir ki, Azərbaycan hökuməti infrastruktura böyük sərmayə yatırıb. Əlbətdə ki, regionda bütün komunikasiyaların açılması Azərbaycana öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına ermənistan ərazisi vasitəsi ilə maneəsiz çıxış əldə etmək imkanı verəcək.

Eyni zamanda ermənistan sərhədinə doğru dəmir yollarının tikintisinə başlanılıb. Ermənistan sərhədinə doğru magistral yolun tikintisinə başlanılıb. Azərbaycan üçün Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmə imkanı yaradır və regionun 4 ölkəsi - Azərbaycan, İran, Rusiya və Türkiyə güclü dəstək verir.

Qeyd olunmuşdur ki, bütün regionda dayanıqlı sülhün bərqərar olmasına və beynəlxalq lahiyələrin inkişafına maneə olan amillər mövcuddur. Bu amillərin ən başlıcası isə ermənistanın regionda törətdiyi terrorist, cinayətkar siyasətdir. Bununla bağlı Prezident İlham Əliyev bildirmişdir ki, rəsmi İrəvan hərbi cinayətkardır. Azad olunmuş ərazilərdəki dağıntılar beynəlxalq mediada geniş şəkildə təqdim olunub. İki müharibə arasındakı dönəmdə ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsddən məhv ediblər. Ağdam kimi böyük şəhər bu gün artıq mövcud deyil. Orada birdənə də olsun salamat bir  bina yoxdur. Füzuli kimi şəhər mövcud deyil. Cəbrayıl tamamilə dağıdılıb. Digər şəhərlər ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırma üçün istifadə edilib ki, bunun özü də müharibə cinayətidir. Həmin məskunlaşdırma halları bəlli faktdır və etibarlı mənbələr tərəfindən təsdiq olunub. Basdırılmış minalar ərazidə bərpa-quruculuq işlərinin aparılmasını əsaslı şəkildə çətinləşdirir. Azərbaycan 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıdır. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan digər müharibə cinayətləri də törədib. Onlar bizim şəhər və kəndlərimizi qadağan olunmuş sursatlarla, o cümlədən ağ fosforlu mərmilərlə atəşə tutublar. Bu, sübuta yetirilmiş faktdır.

Bütün bunlara rəğmən Azərbaycan öz zəfər qələbəsi ilə bütün regionda misli görünməmiş reallıq yaratdı. Azərbaycanın dayanıqlı sülh və rifah naminə əməkdaşlıq əlaqələri bu gün də genişlənməkdədir. Hər birimiz Azərbaycanın çiçəklənməsi naminə...!

Gəncə Tibb Kolleci:  HFBKS  Hüseynova Şəfiqə Səttar qızı



26.07.2021  [ 10:05 ]
Bütün hüquqlar qorunur.!  ©  2024