GƏNCƏ TİBB KOLLECİ

Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvüdür


Post Image

Qoşulmama Hərəkatının yaradılması ideyası  1955-ci ildə Bandonq konfransında, İndoneziyada irəli sürülüb. 1961-ci ildə isə  Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub.

Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Hərəkatın hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

Bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmamaq istiqamətini seçmiş Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır. Ölkəmizə göstərilən hörmət, inam və etimadın təzahürü kimi 2019-2022-ci illər üzrə HQ-ya sədrlik Azərbaycana həvalə edilmişdir.

Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.

2018-ci ilin 5 aprel tarixində  Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilmişdir.

2019-cu ilin oktyabrın 25-də  ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Növbəti üç ildə isə Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma sədrlik edəcək.

Prezident İlham Əliyev XVIII Zirvə Görüşündə bildirmişdir ki, Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır.

Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilmişdir. Azərbaycan gəncləri milli ruhda, ənənəvi dəyərlərlə, Vətənə bağlı və vətənpərvər ruhda tərbiyə alırlar. Buna görədir ki, Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik.  Zirvə Görüşü ərəfəsində keçirilmiş Gənclər Sammitində 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak etmişlər.

Azərbaycan  2005-ci ildən etibarən  90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə də layihələr həyata keçirir.

Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir.

Azərbaycan müstəqil xarici siyasət yeridir və demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiq dərin tarixi köklərə malikdir.   Bu siyasət milli maraqlara, ədalətə əsaslanır. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi buna bariz nümunədir. Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir.

Gəncə Tibb Kolleci: HFBKS Hüseynova Şəfiqə Səttar qızı

16.07.2021  [ 14:06 ]
Bütün hüquqlar qorunur.!  ©  2024