Qurban bayramı Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslam aləminin əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, kamilliyi, saflığı, xeyirxahlığı və dözümlülüyü ehtiva edən müqəddəs bayramlardan biridir.
Bütün müsəlman ölkələrində bu bayram təmtəraqla qeyd olunur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrə ayrılan diqqət kimi, milli-mənəvi dəyərlərimizə də xüsüsi önəm verildi. Dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa işləri, dini bayramların qeyd edilməsinin əsası da o vaxtdan qoyuldu.
Belə ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən bütün dini bayramlar, o cümlədən Qurban bayramı da hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə dövlət səviyyəsində bayram edilir,mərasimlər keçirilir.
Azərbaycan xalqı tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olmuş,əsrlər boyu islami dəyərləri yaşatmış və İslam sivilizasiyasının mədəni mərkəzlərindən biri olmuş, islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir.
Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır.Dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramını Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımız da sevinclə qeyd edirlər.
Bu günlər qurbanlar kəsilir,dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür,Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur .
Azərbaycan cəmiyyəti dini-mənəvi,əxlaqi dəyərlərə hər zaman həssas münasibət göstərmişdir.İnsanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirən Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülüyü daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini, humanist Azərbaycan cəmiyyətinin mənəvi əsaslarını nümayiş etdirir.
Azərbaycan tolerant,multikultural,milli-mənəvi dəyərlərə malık bir dövlətdir. Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların məkanı olan demokratik Azərbaycanda müxtəlif xalqların, müxtəlif dinlərin nümayəndələri bərabər hüquqlara malik bir ailə kimi yaşayırlar.
Azərbaycan xalqı elə bir xalqdır ki, gözlərini bir an belə qırpmadan Vətən,Torpaq uğrunda canlarını fəda edən oğulları, onları yetişdirən anaları-ataları var.Vətəni sevmək imandandır,-məfkurəsiylə nənə-babalarımız gənclər yetişdirir.Vətənin çətin günlərində birlik və həmrəylik nümaiş etdirən xalqımız İslami dəyərlərə daim sadiq olduqlarını sözdə deyil, əməldə nümaiş etdirmişlər. Bu, təxminən otuz illik yolu qırx dörd günə zəfərlə qət edən Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi rəşadətdə öz sübutunu tapdı. Azərbaycan anası öz övladını Vətən uğrunda əsirgəmədi, fədakarlıq təntənəsinin şanlı səhifəsini yazaraq üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımız olan Qarabağda sancdı. Xalqımız bir anda yumruğa döndü,Cənab Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz düşməni diz çökdürərək gülə-gülə "Vətən yaxşıdır" zümzüməsiylə cənnət qapısını döyən şəhidlərimizin qisasını aldı.
Sevinclə qeyd edək ki, işğaldan azad edilmiş torpaqlarımızda dini-mədəni abidələrimizin bərpası işləri dövlət başçısının göstərişləri ilə həyata keçirilir.Yeri gəlmişkən,dövlət başçısı İlham Əliyevin Agdam məscidinin qarşısındakı çıxışını yada salaraq demək istəyirəm: Gözünüz aydın, Cənab Prezident! Uca Allah Sizin və xalqımızın dualarını qəbul etdi.
Bu ilki humanizm,qardaşlıq və bərabərlik prinsipinə əsaslanan Qurban bayramının daha bır özəlliyi ondan ibarətdir ki, artıq əzəli torpaqlarımızda insanlarımız Allah yolunda qurbanlar kəsəcək, oğlu Hz.İsmayıl(ə.s) ilə imtahan olunan Hz.İbrahim(ə.s)kimi xalqımız inam,səbir,təmkin, birlik,dözüm,əzm və İlahi ədalətlə səadətə , firavanlığa,xoşbəxt gələcəyə qovuşacaqlar.O gələcəksə heç də uzaqda deyildir!..
Gəncə Tibb Kolleci: HFBKS Hüseynova Şəfiqə Səttar qızı