"Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır" - Prezident İlham Əliyev.
Məlumdur ki, pandemiya hər bir ölkədə böyük iqtisadi,sosial,maliyyə çətinlikləri yaratmışdır.Bu çətinliklərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub və bu proses uğurla davam etməkdədir.
Belə layihələrdən biri də Ələt Azad İqtisadi Zonasının yaradılmasıdir. Prezident İlham Əliyev 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzaladı, 2018-ci ildə isə həm dövlət maraqlarımızı, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanun qəbul edildi.
Ələt Azad İqtisadi Zonasına 850 hektarlıq ərazi ayrılmış, konsepsiyanın işlənməsinə start verilmiş, işçi qrup yaradılmış və artıq işlər praktik müstəviyə keçmişdir.Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir.
Zonanın inşaat işlərində innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorlar cəlb edərək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə veriləcəkdir.Bu da öz növbəsində on minlərlə yeni iş yerlərinin yaranması deməkdir.
Ələt Azad İqtisadi Zonasının layihəsinin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Şübhəsiz ki,bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq, ticarət dövriyyəsi artacaq, milli iqtisadiyyatın dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək. Bu layihə ixtisaslı kadrların təhsil və peşə təcrübələrinin artırılması imkanları genişlənəcək, texniki mərkəzlərin, elmi araşdırmalar istehsala cəlb ediləcək,bir sözlə,əhalinin sosial-rifah halının yüksəlməsinə xidmət edəcək.
Qeyd edək ki, bu gün " Free Trade Zone" modelindən uğurla istifadə edən ölkələrdən biri də qardaş Türkiyədir. Nəzərə alsaq ki, Azərbaycan böyük bazarlara ən yaxın məsafədə yerləşir. Bu da ölkəmizə Azad Ticarət Zonasının iqtisadi səmərəliliyini artırmaqla onun Mərkəzi Asiya, İran, Rusiya, Türkiyə, Yaxın Şərq bazarlarına xidmət etməsinə imkan verəcək. Bir sözlə, azad iqtisadi zonaların yaradılması iqtisadi məqsədlərlə yanaşı, sosial və elmi məqsədlərin də reallaşdırılmasına imkan verəcək.
Azad İqtisadi Zonasının Ələt qəsəbəsində yerləşməsi isə məhz onun Bakı şəhərinə yaxın olması, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin bu ərazidən keçməsi, burada Beynəlxalq Dəniz Limanının yerləşməsi,nəqliyyat baxımından əlverişli olmasıdır.
Qeyd edək ki, Azərbaycan ,Bakının “Doing Business” hesabatında 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, ölkəmizin dünya miqyasında çox böyük nailiyyətidir. Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdə, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar dövlətimizin əldə etdiyi böyük uğurlardır. Azərbaycan dünyanın ən təhlükəsiz ,dinamik inkişafa malik, sabitlikdə olan, tolerant ölkələrindən biridir. İnvestorlar üçün, əlbəttə, bu amillər çox önəmlidir.
Dövlətimizin başçısı iyulun 1-də Ələt Azad İqtisadi Zonasının təməlini qoydu. Təməli qoyulan bu layihə dünya birliyinə təqdim olunan yeni əməkdaşlıq formatı kimi tarixə düşəcəkdir. Bu isə Prezident İlham Heydər oğlu Əliyevin növbəti uğurlu addımı deməkdir. Bununla xalqımız gələcəyə olan inamla Dövlət Başçısı ilə daha bir sevinci yaşamış oldu.
Gəncə Tibb Kolleci, HFBKS Şəfiqə Hüseynova