Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşü tarixi əhəmiyyət kəsb edir.
13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olan iki qardaş ölkə Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğuladılar.Bu tarixi bəyannamənin ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyəti vardır.
Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dövlətçiliyinə və ərazi bütövlüyünə yönəldilən hərbi təcavüzə qarşı beynəlxalq mübarizənin formalaşdırılmasına başlanılmışdır. Ermənistanın həmin cinayətə görə beynəlxalq hüquqi məsuliyyətinin reallaşdırılması ilə bağlı strategiya bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən güclü siyasi iradə və böyük əzmkarlıqla davam etdirilir.
Böyük sərkərdə Napoleonun dediyi kimi : “Savaşda uğur qazanmaq üçün mənəvi gücün rolu dörddə üç, maddi gücün rolu dörddə birdir”. Cənab Ali Baş Komandan İlham Əlıyev güclü siyasi iradə,polad mənəviyyat,mükəmməl təmkin göstərərək tarixi ədaləti bərpa etdi. İki qardaş ölkə fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi.
Azərbaycan işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri xalqlarımızın dilində aforizmə çevrilmişdir.
Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirərək, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.
Tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğuladılar.
Hər iki qardaş ölkə regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.
Bəyannamədə Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəkləri də öz əksini tapmışdır. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq, ölkələrin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər.
Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsi ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verəcək, əlaqələrin, sadəcə, iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəkdir.Şuşa Bəyannaməsində Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəkləri,Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səylərin artırılmasına diqqət çəkiləcəyi də vurğulandı.
Qeyd edək ki, aldığı zərərlərə görə Azərbaycan təminat almaq hüququnun olduğunu və bu zərərin ödənilməsi üçün Ermənistan Respublikasının tam məsuliyyət daşıdığını hesab edir. Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti ilk növbədə insan hüquqlarının müdafiəsi baxımından zəruri hesab olunmalıdır. Ermənistan Azərbaycanın ərazilərinin işğalı nəticəsində ətraf mühiti çirkləndirərək torpaqlarımızda ekoloji teror törətmiş, biomüxtəlifliyə, ətraf mühit və təbii sərvətlərə ciddi zərərlər vurmuş ,işğal olunmuş Azərbaycan ərazisində erməniləri qanunsuz yerləşdirərək qeyri-qanuni iqtisadi fəaliyyət göstərmiş, Azəri-türk toponimlərin mənşəyini qanunsuz dəyişdirmiş, təbii, maddi və mənəvi sərvətləri talan edərək istismar etmiş, tarixi -mədəni,dini abidələri, irsimizi dağıtmışdır.Azərbaycan bütün vurulan zərərlərin yolverilməzliyi və ödənilməsinin beynəlxalq-hüquqi əsaslarına söykənərək öz haqqını tələb edir.
Qədim yunan filosofları müharibəni iki yerə ayırırdılar: ədalətli və işğalçı müharibə. Biz işğalçı dövlətin təhriki ilə zorla müharibəyə cəlb edildiksə də, bu haqq-ədalət savaşından zəfərlə çıxdıq. İşğalçının isə heç bir mənəvi səddi olmur...
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğanın Şuşada Cıdır düzündə sevinc hisslərinin şəriki olan xalq bir vaxtlar Şuşada böyük xülyalarla atılıb-düşən işğalçiya belə deyir:Bəs nə oldu,Paşinyan?! Bax,rəqsi belə edərlər!!! Bu, ədalətin şanlı təntənəsidir!
Gəncə Tibb Kolleci: HFBKS Şəfiqə Hüseynova