GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi ilə Gəncə Tibb Kollecində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir keçirilib


Post Image

    Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Ulu öndər və Yeni Azərbaycan Partiyası” adlı konfrans keçirilib. Tədbirdə təhsil müəssisəsinin rəhbərliyi, həkim-müəllim və tələbə kollektivi ilə yanaşı Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının rəhbər heyəti, eləcə də qonaqlar da iştirak edirdi.

Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Səhiyyə Nazirli Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev inkişaf edən, iqtisadi potensialı və hərbi qüdrəti günü gündən artan Azərbaycanın bir qədər keçmişinə nəzər salaraq 1991-92 illərdə Azərbaycan üçün ən ağır və məsuliyyətli dövrdə dövlət müstəqilliyinin qorunub saxlanması üçün, xaos, anarxiya vəziyyətində olan bir xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyinə gətirilməsi əsas şərt olduğunu vurğulayıb. O qeyd edib ki, həmin vaxtlar Azərbaycanda xalqın etimadını, milyonlarla insanların sevgisini qazana biləcək, onun ideyaları arxasınca gedəcək bir yeni partiyanın yaradılmasına ehtiyac duyulurdu. O dövrdə Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi və bunu Azərbaycan xalqının taleyi diktə edirdi.

“Həmin ağır illərdə, hərc-mərcliyin hökm sürdüyü bir zamanda, ölkədə yaranan qarışıq vəziyyət, qardaş qırğını, ölkənin parçalanması kimi bir qorxunun olduğu dövrdə bütün sahələrin inkişafı istiqamətinə çox ciddi addımlar atılmalı, dövlətçiliyin bərpası və qorunub saxlanması yükünü öhdəsinə götürməyi bacaran qətiyyətli bir fenomenal şəxsiyyətə böyük ehtiyac var idi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə, bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs yalnız Heydər Əliyev idi”, - deyə Mehman Rzayev əlavə edib.

Sonra çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov qeyd edib ki, 1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu xalqın istəyi ilə yaradılan, ölkəni bu xaosdan qurtara biləcək, Azərbaycanı işıqlı gələcəyə apara biləcək bir siyasi partiya idi:

“Həmin ağır illərdə xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. O zamanlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlayıb. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilib. Partiyanın adının formalaşdırılması da bir başa dahi şəxsiyyətin siyasi dünya görünüşünün nəticəsi hesab etmək olardı. Ulu Öndər Yeni Azərbaycan qurmaq, onun xoşbəxt gələcəyə doğru aparmaq, bu günki inkişaf etmiş bir müstəqil dövlət qurmaq məqsədilə Yeni Azərbaycan Partiyasını təsis etdi və bu partiya xalqın böyük hörmət və rəğbətini qazandı”, -  deyə B.Aslanov əlavə edib.

Çıxış edənlər də ümummilli lider Heydər Əliyevin Azərbaycanın davamlı inkişafı üçün qəbul etdiyi taleyüklü qərarlardan danışdılar. Qeyd olundu ki, bu gün də Yeni Azərbaycan Partiyası hakim partiya olaraq daim xalqın mənafeyini düşünür, dövlətin siyasətini vətəndaşların rifahının yüksəldilməsi istiqamətində taleyüklü qərarların verilməsində partiyanın lideri, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Günü gündən inkişaf edən Azərbaycanın çıçəklənməsində, iqtisadi və hərbi baxımından dirçəlməsinin önündə ümummilli lider Heydər Əliyev və ideyaları dayanır. Gələcək nəsil dahi şəxsiyyətin Azərbaycanın bütün dünyada tanınması və inkişaf etməsi üçün, xalqın firavan yaşaması naminə atdığı bütün addımları heç zaman unutmayacaq.

Sonra Yeni Azərbaycan Partiyasına yeni daxil olan kollecin 4 tələbəsinə partiya biletləri verildi.

Kollecdə hazırlanan “Ümummilli Lider Heydər Əliyev və Yeni Azərbaycan Partiyası” adlı sənədli filmin nümayişindən sonra tələbələrin ifasında mahnı və şerlər söylənilib.

28.11.2023  [ 17:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024