GƏNCƏ TİBB KOLLECİ

Ədalətli zəfər. Azərbaycan xalqı Qurtuluş savaşı aparıb


Post Image

44 günlük Vətən müharibəsi erməni işğalçıları üzərində Azərbaycanın qazandığı hərbi-siyasi Zəfər olaraq xalqımızın çoxəsrlik tarixinin ən şərəfli hadisəsidir. Nəhayət  Ermənistan ordusunun darmadağın olması, ölkəmizin Şanlı Zəfəri ilə nəticələn Dağlıq Qarabağ münaqişəsi sona çatdı. Dünya qalib ölkəmizin, rəşadətli ordumuzun gücünü gördü. Mübariz əsgərlərimiz Vətən torpağının geri alınan hər bir qarışında şanlı bayrağımızı sancaraq 44 günə düşməni diz çökməyə məcbur etdi.

Qeyd edək ki, 2020-ci il 10 noyabrda  kapitulyasiya aktı  imzalandıqdan sonra Azərbaycan döyüşü dayandırdı , ermənilərdən fərqli olaraq etnik təmizləmə aparmadı, hərbi cinayət törətmədi, mülki şəxsləri vurmadı. Müharibədən bir ay sonra böyük bir təxribat qrupu bizim torpağımıza göndərilmişdi. Onlar həbs olundu, halbuki məhv edilə bilərdilər.

Azərbaycan hər zaman sülh tərəfdarıdır, elə buna görə də 30 il səbrlə gözlədi. Ermənistan isə istənilən vaxt separatçı meyillərə dəstək olub başqalarının torpağına göz tikəcək birisi, münaqişə həvəskarı olduğunu göstərdi. Ermənistan problemin həllini heç zaman istəməyən tərəf olub. İşğaldan azad etdiyimiz ərazilərdə ermənilər nəhəng istehkamları, müdafiə xətlərini tikmək, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyirdilər. Amma onlar bunu bacarmadılar. Biz müharibəni ləyaqətlə apardıq və Zəfər çaldıq. Bakıda Hərbi Qənimətlər Parkının açılması ordumuzun gücünü, qüvvətini bir daha nümayiş etdirir. Bütün dünya  buna şahiddir.

Erməni qəsbkarlarının  müharibə cinayətləri dünyaya operativ yayımlanaraq  ifşa edildilər.  İkinci Qarabağ savaşında Türkiyə mətbuat nümayəndələri,“CNN Türk”ün müxbirləri ən qaynar nöqtələrdə , atəş altında böyük fədakarlıqla canlı reportajlar verirdilər.

44 günlük müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu. Dinc əhaliyə qarşı törədilmiş cinayətlər,Gəncə şəhərinə ballistik raketlərin atılması,yaşayış komplekslərinin hədəfə alınması,Tərtər, Naftalan, Bərdə, Mingəçevirin bombalara tutulması barbarlığın bariz göstəricisidir.

Azərbaycan xalqı Qurtuluş savaşı apardı. Müzəffər ordumuz böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək ilk gündən qarşı tərəfi məğlubiyyətə uğratdı. Bununla da böyük ədaltsizliyə son qoyuldu.  Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verdi. İkinci Qarabağ müharibəsində  Azərbaycan xalqı  bir daha  gördü ki, onun əsl dostu, qardaşı kimdir. Qeyd edək ki, ölkəmizin ədalət savaşında yanımızda olan ölkələrdən biri də Pakistan idi.

Sevindirici haldır  ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Türkiyə-Azərbaycan birliyi əbədidir. Bu birliyi əks etdirən bayraqlarımızın birgə dalğalanması da təbiidir. Hər iki dövlətin   imzaladığı Şuşa Bəyannaməsi qardaşlığımızın, müttəfiqliyimizin zirvəsidir.  

Bu gün artıq müharibə yekunlaşsa da, Ermənistanda qatı düşmənçilik mövqeyi hələ də qalır. Bununla bağlı isə Azərbaycanın mövqeyi qətidir.

İkinci Qarabağ savaşı Azərbaycan xalqının tarixində əbədi qalacaq. Xalq əmindir ki, torpaqlarimizin her qarışı daim çiçəklənəcək , Azərbaycan günü -gündən  inkişaf edəcək və müttəfiqləri artacaqdır .

Gence Tibb Kolleci HFBS Huseynova Şəfiqə

 

17.08.2021  [ 14:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024