GƏNCƏ TİBB KOLLECİ

Kökünə, tarixinə, dilinə və ənənələrinə bağlı xalq - AZƏRBAYCAN TOLERANT ÖLKƏDİR


Post Image

“Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də, ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır”.

Ulu Öndər Heydər Əliyev

Azərbaycan etnik tərkibi, tarixi inkişaf xüsusiyyətləri, coğrafi mövqeyi, müxtəlif dinlərin, sivilizasiyaların mövcudluğu ilə fərqlənən ölkədir.

Tarixi İpək yolunda yerləşən bu diyar milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma  şəraitində yaşadığı  ölkə kimi tanınmışdır.

Zaman-zaman məmləkətimizdə bütpərəstlik, zərdüştlik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar  bu və ya digər dərəcədə yayılaraq bir-birinə qarşılıqlı təsir göstərmişdir.

Azərbaycanda min illər öncə formalaşmış tolerantlıq ənənələri zaman keçdikcə yeni xüsusiyyətlər qazanmış və bu coğrafiyada yaşayan insanların başlıca keyfiyyətinə çevrilmişdir. Müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayıldığı bu torpaqlarda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük, milli, irqi və dini əlaqələr mövcud olmuş, insanlar  burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuş, xalqımizla həmrəy olmuş, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə aparmışlar. 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz ugrunda döyüşən və bu yolda canından keçmiş neçə belə millətin nümayəndələrini misal göstərmək olar. Fərqli dini konfessiyalara mənsub övladlarımızın da uyuduqları Şəhid məzarlıqları qardaşlığımızın və tolerantlığımıza bariz nümunədir. Son dövrlər dünyada gedən proseslər bəşəriyyəti bir sıra qlobal problemlərlə üz-üzə qoyur. Tolerantlıq təhlükəli meyillərə, qarşılıqlı dözümsüzlük hallarına qarşı çıxan, sülhün əldə olunmasına, müharibənin sülh mədəniyyəti ilə əvəzlənməsinə kömək edən amildir. Azərbaycan hər zaman sülhün tərəfdarı olmuşdur.

Ölkəmizdəki mövcud tolerantlığın kökü qədim dövrlərə söykənir. Ədəbi irsimizə nəzər salsaq bütün dönəmlərdə tolerantlıq Azərbaycan xalqının mənəvi həyatında özünü qabarıq şəkildə göstərdiyinin şahidi olarıq. Bu da heç şübhəsiz ki, multikultural yaşam tərzinin Azərbaycan cəmiyyətinə ta qədim zamanlardan xas olduğunu sübut edir. Qeyd edək ki, dünya mədəniyyəti xəzinəsinin ən böyük incilərindən sayılan "Kitabi-Dədə Qorqud" eposunda oğuzların həyat tərzi, davranışı, özgələrə- yaddinli, yaddilli və yadellilələrə münasibətində multikulturalizm və tolerantlıq baxımından yanaşıldığını görürük.

Azərbaycan intibahının ən görkəmli nümayəndələrindən olan Nizami Gəncəvinin yaradıcılığı  da multikulturalizm və tolerantlıq baxımından zəngindir. Dahi şairin yaradıcılığında çox əsərlərinin baş qəhrəmanları digər inanc sahibləri və başqa xalqın nümayəndələri olub."Xosrov və Şirin" poemasında Xosrov atəşpərəst, Şirin isə xristian əsillidir. N.Gəncəvi "Yeddi gözəl" poemasında dünyanın yeddi iqlimdən və yeddi xalqın nümayəndəsindən ibarət yeddi şahzadə gözəlin, yeddi müxtəlif mədəniyyətin təsvirini vermişdir. Böyük şairin  yaradıcılığı multikulturalizm və tolerantlıq elementləri ilə zəngindir.Dahi Nizami irqindən, milli və dini mənsubluğundan asılı olmayaraq insana çox yüksək dəyər vermişdir. Nizaminin əsərlərində türk, rus, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayəndələrinə rast gəlirik. Nizami bütün bu xalqların hamısına hörmətlə yanaşmışdır. Dahi şairin əsərlərində təbliğ etdiyi sülh, humanizm, ədalət, azadlıq və bərabərlik kimi ideal və bərabərliklər Azərbaycan xalqının mənəviyyatını əks etdirir.

Orta əsrlər Azərbaycan cəmiyyətində multikultural və tolerant mühitin formalaşmasında böyük rolu olan  şəxsiyyətlərdən biri Əfzələddin Xaqani Şirvanidir. Onun yaradıcılığı yüksək bədii sənətkarlığı ilə yanaşı, multikultural ideyaların bolluğu ilə fərqlənir. Xaqaninin anası xristian qızı olub, sonradan müsəlmançılığı qəbul etmişdir.

Multikultural və tolerant dəyərlərin yüksək səviyyədə tərənnüm olunması klassik Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Məhəmməd Füzuli yaradıcılığının da əsas qayələrindən biridir.

Şah İsmayıl Xətai Azərbaycan dilini dövlət dili elan etməklə yanaşı, həm də yaradıcılığında humanist-bəşəri dəyərlərin tərənnümünə mühüm yer ayırıb. Xətai özünün sadə və aydın üslublu şeirlərində bütün dinlərə və onların müqəddəslərinə yüksək qiymət verib.

Bu da heç şübhəsiz ki, multikultural yaşam tərzinin Azərbaycan cəmiyyətinə ta qədim zamanlardan xas olduğunu sübut edir.

Tolerantlıq və multikultiralizm məkanı olan Azərbaycanda müsəlmanlarla yanaşı, katoliklər, provoslavlar, yəhudilər və digər dinlərə etiqad edən insanlar da yaşayırlar.  Azərbaycanda xristian tarixi abidələri, alban kilsəsi, sinaqoq, pravoslav və katolik kilsələr qorunub saxlanılır. Azərbaycan dövləti onlara qayğı və diqqətlə yanaşır.

Prezident İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayri-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə müraciətlər edir, dini və milli bayramlarda insanlarla sevincini bölüşür.

Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq miqyasda təbliğinə böyük töhfələr bəxş edir.

Qeyd edək ki, işğaldan azad edilən qədim yurd yerlərimizdə böyük tarixə malik dini məbədlərimizin, abidələrimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlər hazırda davam etdirilir.

Tolerantlıq mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur. Bu baxımdan Azərbaycanı və azərbaycanlıları digərlərindən fərqləndirən xüsusiyyət də məhz budur.

Asiya ilə Avropa arasında körpü rolun oynayan Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə öz töhfələrini verirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda multikulturalizm alternativi olmayan həyat tərzidir və minilliklər boyu mövcud olmuş tolerantlıq ənənələri, milli dəyərlər  qorunub saxlanılmaqla yanaşı gələcək nəsillərə ötürülür.

Gəncə Tibb Kolleci:  HFBKS  Hüseynova Şəfiqə Səttar qızı

26.09.2021  [ 15:25 ]
Bütün hüquqlar qorunur.!  ©  2024