“Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!”
Prezident İlham Əliyev
1993-cü ildə güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə ölkəmizin dinamik inkişafına uyğun olaraq özünün yeni keyfiyyət mərhələsini yaşayir. Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində müasir hərb elminin tələblərinə cavab verən milli ordumuz davamlı olaraq inkişaf edir, gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır.
Bütün dünya bu reallığın əyani təsdiqini ötən il İkinci Qarabağ savaşında, torpaqlarımızın azadlığı uğrunda apardığı Vətən müharibəsində şərəfli Zəfəri ilə gördü. Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Hər bir müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə ölçülür. Bildiyimiz kimi, Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir.
Məlumdur ki, 1918-ci ildə xalqımız rus imperializminin əsarətindən xilas olaraq ilk dəfə dövlət müstəqilliyini əldə etdi. O zaman Azərbaycan Xalq Cümhuriyyətini quranda ordumuz yox idi. Cümhuriyyətə rəhbərlik edən ziyalıların dövlət quruculuğu istiqamətində ilk həyata keçirdiyi tədbirlərdən biri müstəqil dövlətin silahlı qüvvələrinin formalaşdırılması oldu. Ölkəmiz üçün çətin bir zamanda ordu quruculuğuna başlandı və qısa müddətdə bir sıra uğurlar qazanıldı. Belə ki, Bakı erməni-daşnak işğalından azad edildi, Qarabağda erməni quldur dəstələrinə qarşı uğurlu əməliyyatlar həyata keçirildi. Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq, yeni formalaşmaqda olan Azərbaycan Ordusu axıradək düşmənə layiqli cavab verdi.
Azərbaycan 1991-ci ildə ikinci dəfə dövlət müstəqilliyini qazandı. Lakin Azərbaycanı daim əsarət boyunduruğunda saxlamaq istəyən imperiyasevən qüvvələr əvvəlcədən düşünülmüş şəkildə süni Qarabağ problemini yaratdılar. Beləliklə də Azərbaycanı uzun sürən dağıdıcı müharibəyə cəlb etdilər. Hamımız o ağır dövrü yaşamış, baş verən hadisələrin şahidləri olmuşuq. Həmin keşməkeşli, ağır günlərdə xalqın arzusu ilə ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev vahid komandanlığa əsaslanan mütəşəkkil ordunun yaradılmasının əsasını qoydu.
Ulu Öndərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi kimi ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, hərbi kadrların yetişdirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan, ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Ötən illərdə keçirilən hərbi parad Azərbaycanın modern silahlı qüvvələrinin olduğunu bütün dünyaya nümayiş etdirməklə yanaşı, ölkə əhalisinin hakimiyyətə etimadını, gələcəyə olan inamını daha da möhkəmləndirdi. Dünya bir daha şahid oldu ki, Azərbaycan xalqı hər şeyə qadirdir.
Təkcə Şuşanın azad edilməsi əməliyyatı kifayət edir ki, müzəffər Azərbaycan Ordusunun nələrə qadir olduğunun hər kəs şahidi olsun. 44 günlük savaş dünya hərb tarixinə Azərbaycan Ordusunun adını yaza bildi.
Çıxışlarının birində Ali Baş Komandan İlham Əliyevin böyük qürurla səsləndirdiyi " Heç kim bu gün Azərbaycana döyüş meydanında öz iradəsini diktə edə bilməz" mesajı hər birimizdə iftixar doğurur.
Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami Ordusu vardır-öz tarixini, keçmişini, soyunu bilən, onlara qırılmaz köklərlə bağlı olan milli hiss, milli birlik, milli iftixar,milli qürur, Vətənə, torpağa bağlılıq duyumuna malik yenilməz Ordu.
Təsəvvür edin ki, 44 günlük əks-hücumda iştirak edən Ordumuzun gənc zabit, gizir və əsgərlərinin bir çoxu ilk dəfə idi ki, işğal altında olan ərazilərimizin coğrafiyasıyla tanış idilər. Yüksəkliklər, döyüş mövqeyləri, qeyri-bərabər şərtlərə baxmayaraq, Müzəffər Ordumuz düşməni darmadağın edə bildi. Əsgərlərimizin peşəkarlığına heyran olmamaq mümkün deyil. Onların qələbə əzmi, ciddi nizam-intizamı və ağıllı hərbi taktikası,Vətən sevgisi, milli qürur, qələbəyə inam, dövlətinə sədaqəti, Ali Baş Komandanın dərindən düşünülmüş hərbi strategiyası qələbəmizi labüd etdi.
Azərbaycan xalqı, o cümlədən, bizim nəsil xoşbəxtdir ki, onun İlham Əliyev kimi Lider Prezidenti, Ali Baş Komandanı, düşmənə həmişə yerini göstərən müzəffər, qalib Azərbaycan Ordusu həmçinin, əlində silah gecə-gündüz Vətənin keşiyində vüqarla dayanan igid əsgər və zabitləri vardır.
Bəli, indi Azərbaycan yenilməz, peşəkar, qüdrətli bir ordu¬ya malikdir!
Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir!
Gəncə Tibb Kolleci: HFBKS Hüseynova Şəfiqə Səttar qızı