"Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni
zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev
Vəhşiliyin tarixi o qədər də yeni deyil. Tarixin də vəhşiliyi qədimlərdən boy verir. Hər iki qənaətin mərkəzində insan durur. Bu, o deməkdir ki, vəhşiliyi insan törədir. Tarixdə çox vəhşiliklərin şahidi olmuşuq. Ən yeni tariximizdə hətta bunu gözümüzlə görmüşük. Erməni vəhşiliyi, erməni terroru. Azərbaycanı sarsıdan Xocalı soyqırımı...
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkdi.
1992-ci ilin 26 fevral gecəsi Xocalı elə bir dəhşət yaşadı ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə, qəddarlıqla qətlə yetirildilər. Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətləri təsvir etməkdə söz belə acizdir. Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu bir gecənin içində. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibəti ancaq insanlığını itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hissələrin, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən sildilər. Ermənilərin törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Bu vəhşiliklər özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən erməni xislətinin iç üzünü açıb göstərdi.
Əslində, Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. 1991-ci ilin oktyabrında isə şəhərin blokadası tam başa çatdırılmışdı.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrildi.
Azərbaycan tarixən böyük zülümlər içərisində çabalayan bir məmləkət olub. Bu məmləkətin başında çox hakimlər durub, çox rəhbərlər ömür sürüb.
Azərbaycan xalqı özünü xoşbəxt sayır ki, onun Heydər Əliyev kimi uzaqgörən prezidenti olmuşdur. Tarixə bütöv münasibət baxımından etiraf etmək lazımdır ki, Azərbaycanın bir daha tarixi parodoksallıq meydanına çevrilməməsinin əsl mübarizə aparanı da məhz Heydər Əliyev olmuşdur. Onun əvəzsiz xidmətləri Azərbaycanımızın sabahına güzgü tutub. O, həmişə məmləkətimizin xoşbəxtliyi naminə əlindən gələni edib, bu yolda öz ömrünü gilə-gilə əridib. Onun ömür yolu həmişə çarpışmalarda olub.
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”—deyən, 20-ci əsr Azərbaycan tarixində, eləcə də dövlətçiliyimizin inkişafında çox mühüm rol oynayan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev siyasi -hüquqi qiymət vermişdir, Tarixi Şəxsiyyətin 1998-ci ildə imzaladığı fərman əsasında 31 mart tarixi azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
2009-cu ilin fevralından isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası isə ermənilərin cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malikdir.
Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır. Məlumat üçün bildirək ki, soyqırıma qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir.
Qeyd edək ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur .
. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. Yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşmüşdür.
1905-ci ildə də dəhşətli hadisələr törədildi, qanlar töküldü. 1918-ci ildə də həmin dəhşətləri bir daha yaşadıq. 1948-1953-cü ildə Qərbi azərbaycanlıların deportasiyası, 1988-ci il isə bizə bir daha sübut etdi ki, düşmən elə düşməndir. Babalarımız demişkən “Qarı düşmən dost olmaz”, ona yalnız layiq olduğu cavabı vermək lazımdır.
Uca Allaha Sonsuz şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, 30 il davam edən beynəlxalq riyakarlığa, işğala son qoydu! Özü də hərb meydanında.
Artıq Qalib xalqın qəhrəman Ordusu var. Elə bir Ordu ki, Cənubi Qafqazın ən qüdrətli ordusu olmaqla hərb tarixinə yeni döyüş taktikaları müəllifi kimi imza atdı.
Bu gün Azərbaycanın müstəqil dövlət kimi dünyanın irimiqyaslı, vahid dövlətləri ilə bir sırada dayanması Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin uzaqgörənliyinin bəhrəsidir.
Azərbaycan bir-birinin ardınca böyük uğurlar əldə etməkdədir. İnanırıq ki, bu, həmişə belə olacaqdır. Çünki bu nailiyyətlərin təməlini böyük düha, görkəmli siyasətçi Heydər Əliyev qoymuşdur.
Azərbaycan tərəqqi yolundadır. Qazanılan uğurlar, əldə olunan nailiyyətlər göz qabağındadır. Respublikada aparılan uğurlu siyasət məmləkətimizi dünya arenasına çıxartmışdır. Bu gün dünyanın nəhəng dövlətləri Azərbaycana böyük maraq göstərir.
Gence Tibb Kolleci HFBS Huseynova Şəfiqə