GƏNCƏ TİBB KOLLECİ

Mədəni irsə və milli təfəkkürə ehtiramın təzahürü


Post Image

“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev.

Qədim yaşayış məskəni olan Şuşa  şəhər olaraq, inzibati mərkəz kimi XVIII əsrin ikinci yarısında salınmışdır. Şuşa tarixən  spesifik bir mədəniyyətə,  zadəganlar, sənətkarlıq və ticarət məşğuliyyəti ilə tanınan, Xan sarayı, «Gövhər ağa» məscidi, İbrahim xan məscidi, Cıdır Düzü, türbələr, minarələr, karvansaralar, bulaqlar , unikal memarlıq nümunələri  ilə məşhur olub.

Məktəb, maarif  işinin inkişafına görə də Şuşa digər şəhərlərdən öndə olub. Azərbaycan qəzaları içərisində ilk qəza məktəbi 1830-cu ildə Şuşada açılmışdır. İlk müsəlman məktəblərinin açıldığı siyahıda da Şuşa öndə olmuşdur. Tarixə nəzər saldıqda görürük ki, Şuşada ali ibtidai məktəb, kütləvi kitabxanalar, kiçik də olsa mətbəə fəaliyyət göstərib. 1848-ci ildə Şuşada ilk teatr tamaşası təşkil edilmişdi. Qeyd edək ki, poeziya və xanəndəlik məktəbi baxımından Şuşanın özəl yeri vardır. Şuşada «Məclisi-Fəramuşan»ın (ədəbi məclis) başında M.Nəvvab dayanırdı. «Məclisi-üns» kimi ədəbi məclislər bütün ölkədə şöhrət tapmışdı. Xan qızı Natəvanın, Mirzə Möhsün Nəvvabın və çoxsaylı məşhur şairlərin iştirakı ilə keçən bu məclisləri Şuşa ədəbi mühitinin sütununa çevrilmişdi. Şuşa Molla Pənah Vaqif məktəbi və onun XVIII əsr Azərbaycan poeziyasının zirvəsi sayılan yaradıcılığının şöhrəti bütün Şərq aləmini dolaşırdı.

Strateji əhəmiyyətli Şuşanın Azərbaycan tarixində xüsusi yeri, müstəsna əhəmiyyəti hər zaman olmuş, bu, indi də belədir. Şuşa şəhəri ölkəmizin tarixi-mədəni,ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi olmaqla "Qafqazın konservatoriyası" adlanır.

Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən olan Şuşanın qorunması Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1977-ci ildə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilməsilə ön plana çəkilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Təəssüflər olsun ki, Ermənistanın işğalçı hərbi qüvvələri tərəfindən  1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildi, burada xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi, vandalizm siyasəti həyata keçirildi.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutan, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev  "Şuşasız  Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur", “Şuşasız bizim işimiz yarımçıq olar” vədini yerinə yetirərək,  Rəşadətli Ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədaləti bərpa etdi, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu.

Fəxarətlə bildiririk ki, əzəli yurd yerimiz olan Qarabağı 30 illik erməni işğalından azad edən, torpaq, doğma el-oba həsrətinə son qoyan, şəhidlərimizin, əcdadlarimizin qisasını alan, alnımızdakı ləkəni silən,  bütöv Türk dünyasına Şanlı Zəfərin qürurunu   yaşadan müzəffər Ali Baş Komandanımıza, Rəşadətli Ordumuza Azərbaycan xalqının minnətdarlığı  hüdudsuzdur!!!

Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə: "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!"-  tarixi müjdəsini verəndə hər bir ölkə vətəndaşının qəlbinin necə bir sonsuz fərəh hissilə döyüntüsünü sözlə ifadə etmək mümkünsüzdür!

Xalqımızın tarixində, mədəniyyətində, qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi günün - 8 Noyabrın Azərbaycanda Zəfər günü kimi təsis edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam bütün ölkədə sevinclə qarşılandı. İndi hər il xalqımız  qızıl həriflərlə tarixə yazılan bu günü sonsuz sevinclə qeyd edəcək.

Artıq Şuşanın mədəni həyatını yenidən özünə qaytarmaq, zənginləşdirmək istiqamətində dövlət başçısı Şuşada Vaqif poeziya günlərinin, “Xarı bülbül” festivalının açılışı  ilə tarixi abidələrin  bərpasına start  vermişdir. Şuşanın bərpası şəhərə milli  ruhunun qayıdışı, Şuşanın nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyi deməkdir.

Möhtərəm Prezident İlham Əliyevin "Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir". ifadələri hər bir Azərbaycanlının qəlbini riqqətə gətirir.Gələcək nəsil öz növbəsində doğma yurd yerlərimizi, bənzərsiz Şuşanı göz bəbəkləri kimi qorumalı, torpaqlarımızın hər qarışının müdafiəsində ayıq-sayıq dayanmalıdırlar.

Belə gəncliyi yetişdirən, tərbiyə edən biz analar, müəllimlər də  əlimizdən gələni etməyə daim hazıriq və hər zaman olduğu kimi indi də bu quruculuq işlərində möhtərəm Prezidentimizin ətrafında six birləşərək  Cənab İlham Əliyevə yorulmaz, şərəfli xidmətlərində can sağlığı, uğurlar arzulayırıq!

Gəncə Tibb Kolleci:  HFBKS  Hüseynova Şəfiqə Səttar qızı

02.09.2021  [ 16:50 ]
Bütün hüquqlar qorunur.!  ©  2024