Tarixi günlər heç zaman unudulmur. Əslində hər tarixi gün xalqın tarixidir və xalq öz tarixini mühafizə edir, qoruyur və onunla qurur duyur. Azərbaycan xalqının şərəfli tarixi günlərindən biri də 1991-ci il oktyabrın 18-dir.
Gəlin şanlı tariximizə nəzər salaq.
Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini 1918-ci il mayın 28-də imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Beləliklə, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı, qısa zamanda Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib. Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşmasında şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Ulu öndər Heydər Əliyev vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.
2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Xalqımız 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Mahiyyət və məzmun etibarı ilə dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli belə bir tarixi günün qeyd edilməsi mühüm əhəmiyyət kəsb edir.
Xalqımızın qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır.
Qarabağım, gözəl Şuşam talan oldu,
Təbriz dərdi, Dərbənd dərdi yalan oldu.
Qalx ayağa, Vətən oğlu, sən qisas al,
Qalib zəfər bayrağını zirvəyə çal!
Heç bir qüvvə Azərbaycan xalqının iradəsini sındıra bilmədi, xalqımız dövlət müstəqilliyini qoruyub saxladı, torpaqlarımızı işğaldan azad etdi. İndi Azərbaycan Respublikası bir müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Artıq beynəlxalq aləmdə müstəqil Azərbaycanın mövqeyi daha da möhkəmlənmişdir.
Azərbaycanın mərd, cəsur, qeyrətli, qəhrəman oğulları torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhid oldular, çoxlu qurbanlar verdik.
Xalqımız sülhsevər xalqdır, dövlətimiz də sülhsevər siyasət yeridir. Möhtərəm Prezidentimiz İlham Əliyev müharibənin sülh yolu ilə bitməsi, Azərbaycanın ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığının təmin edilməsi, işğal olunmuş torpaqlarımızdan erməni silahlı qüvvələrinin şərtsiz çıxması istiqamətində çox intensiv işlər gördü. Biz bütün bu hadisələrin şahidiyik. Lakin nə Ermənistan, nə də onun havadarları danışıqlara getmədilər.
Nəhayət, Azərbaycan xalqı, Müzəffər Ali Baş Komandan və Rəşadətli Milli Ordumuz "Dəmir Yumruq" kimi birləşərək ədalətli müharibədən qalib xalq olaraq çıxdıq. Düzdür, böyük itkilər verdik, yüzlərlə şəhidlərimiz, qazilərimiz var.
Şəhidliyi özlərinə ömür payı biçən Vətən oğullarının, şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət hər bir gəncə örnəkdir. Bu igid oğul və qızlarımız bizim nisgilimiz, kədərimiz, ürək ağrımızla yanaşı, həm də qürurumuz, vüqarımız, fəxrimizdirlər. Onlar bizə Vətəni sevmək, onun hər qarış torpağının qədrini bilmək, lazım gələrsə, bu doğma yurd üçün canından keçməyi bacarmağı öyrətdilər. Bizim hər birimizin müqəddəs borcu müstəqilliyimizi qorumaq, onu daim müdafiə etməkdir.
Türk yazarı, şairi və hüquqşünası Midhat Cəmal Kuntayın dediyi kimi:
Bayraqları bayraq yapan üstündəki qandır,
Topraq, əgər uğrunda ölən varsa, vətəndir!
Gəncə Tibb Kolleci: HFBKS Hüseynova Şəfiqə Səttar qızı