GƏNCƏ TİBB KOLLECİ

Gəncədə “nizamiganjavi.az” saytının təqdimatı


Post Image

Təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk həmçinin Gəncə Tibb Kollecinin  direktoru Mehman Rzayev və bir qrup müəllim heyəti iştirak ediblər. Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilmişdir. Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə imzalanan bu Sərəncam dahi şairin zəngin irsinin daha dərindən öyrənilməsi və təbliği üçün münbit şərait yaratmışdır. Nizami Gəncəvi irsinin təbliğinə Gəncə Şəhər İcra Hakimiyyəti də öz növbəsində töhvə vermiş, dahi şairin həyat və yaradıcılığı, habelə Nizami Gəncəvi haqqında tədqiqat və maraqlı məlumatların yer aldığı yeni sayt ərsəyə gətirilmişdir.

Daha sonra yeni istifadəyə verilən sayt qonaqlara təqdim olunub. Bildirilib ki, saytda Nizami Gəncəvi barədə məlumatların yerləşdirildiyi “Haqqında”, dahi şairin əsərlərinin yer aldığı “Xəmsə”, “Müdrik fikirlər”, habelə “Xəbərlər” və sair bölmələr mövcuddur. Saytda yer alan “Virtual tarix – 3600” bölməsi isə xüsusi diqqət çəkir. Bu hissə Nizami Gəncəvi Məqbərə Kompleksini, habelə Gəncənin tarixi abidələri, müasir binaları, müzey, park və xiyabanlarını “virtual” olaraq ziyarət etmək imkanı verir.

Tədbirdə çıxış edənlər, Nizami Gəncəvinin  Gəncədə yaşayıb- yaratmasına baxmayaraq,onun “Xəmsə”si dünyada geniş  şöhrət  tapıb.  “Nizamiganjavi.az” saytı dahi şairin yaradıcılığının təbliğ olunması və dünyada daha geniş tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, “Nizamiganjavi.az” saytı Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, “Gəncə İş Adamları” İctimai Birliyi və AMEA  Gəncə Regional Bölməsinin dəstəyi ilə “Netqraf Group” tərəfindən hazırlanıb.

08.10.2021  [ 18:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024