23.11.2021-ci il tarixində Gəncə şəhərində Məhsəti Gəncəvi Mərkəzində kitab sərgisi təşkil olunmuşdur. Həmin sərgidə Gəncə Tibb Kollecinin müəllim və tələbə heyəti iştirak etmişdir. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən çap edilmiş 50 adda 1000-dən artıq kitab sərgi iştirakçılarına hədiyyə edilmişdir.
XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibah dövrünün parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər poeziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. Onun şerlərində şərab və eşq duyğusu tərənnüm olunur. Şairənin əsərləri içərisində Gəncənin Xərabat məhəlləsində yaşayan gənc sənətkarlara, dərzilərə, əyiricilərə, qızılaxtaranlara və başqalarına həsr etdiyi şerlər silsiləsi daha çox məşhurdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhsəti Gəncəvi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.