Gəncə Tibb Kolleci “9 Noyabr Dövlət Bayrağı Günü” münasibətilə tədbirdə iştirak etmişdir
Bayraq meydanında baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyimizin simvolu, qürur mənbəyimizdir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Millət vəkili Pərvin Kərimzadə çıxış edərək, bildirib ki, 3 rəngli dövlət bayrağımız mübarizə əzmimizin, zəfər sorağımızın, istiqlaliyyət salnaməmizin ilk müjdəçisi oldu, bizi Vətən uğrunda müqəddəs döyüşlərə səslədi. Bütün dünyaya müstəqil dövlətimizin varlığını bəyan edən, 180-dən çox dövlətin bayraqları ilə bir sırada dalğalan Azərbaycan bayrağı bu gün müzəffər ordumuzun rəşadəti sayəsində ölkəmizin işğaldan azad edilən hər bir kəndində, hər bir şəhərində əzəmətlə dalğalanır.
Tədbirdə “Vətən Müharibəsi – Gəncə şəhidləri” və “Zəfər salnaməsi” kitablarının təqdimatı baş tutub.