GƏNCƏ TİBB KOLLECİ

Gəncədə Zəfər Günü qeyd olunur


Post Image

Respublikanın hər yerində olduğu kimi  Gəncə şəhərində də “8 Noyabr – Zəfər Günü” böyük təntənə ilə qeyd olundu.  Gəncənin “İstiqlal” parkında təşkil olunan bayram tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, sakinlər iştirak ediblər. Tədbirdə Gəncə Tibb Kollecinin direktoru və müəllim-tələbə heyəti yaxından iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd etdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxındır davam edən işğala cəmi 44 günə son qoyub, düşməni əzəli torpaqlarımızdan qovdu. Vətən müharibəsi dövründə Gəncə şəhəri də çətin günlər yaşayıb, raket atəşlərinə məruz qalıb, lakin sınmayıb. Əksinə, şəhər sakinləri Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşiblər.

Daha sonra şəhər rəhbərliyi və şəhid ailələrinin iştirakı ilə “İstiqlal” parkında inşa edilən “Memorial Abidə Kompleksi”nin açılışı baş tutub. “Memorial Abidə Kompleksi”nin tikintisinə cari ilin may ayında başlanılıb. Ümumi sahəsi 1200 kv.m olan Kompleks dəmir və betondan hazırlanmış lövhələrdən ibarətdir. Uzunluğu 50, hündürlüyü 5 metr olan lövhələrin üzərinə ümumilikdə 600-ə yaxın şəhidin şəkilləri və müxtəlif atributlar vurulub. “Memorial Abidə Kompleksi”nin hissəsi olan qalib Azərbaycan əsgəri heykəlinin hündürlüyü isə postamentlə birlikdə 5 metr təşkil edir. Burada Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə iki bulaq da inşa edilib. Bulaqların hər birinin uzunluğu 6,1, eni 1,3, hündürlü isə 2,2 metrdir. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən inşa etdirilən abidənin müəllifi Azərbaycan Respublikasının əməkdar rəssamı Şərif Şərifovdur.

Sonda Gəncə Dövlət Dram Teatrı tərəfindən “Azərbaycan, Zəfər günün mübarək!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Gənc könüllülərin iştirakı ilə sülh rəmzi olan 44 göyərçin havaya buraxılıb.

Daha sonra Heydər Əliyev Park-Kompleksində “8 Noyabr – Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası baş tutub. Aksiyada Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev və işçi heyəti iştirak etmişdir. Ümumilikdə 2500 eldar şamı və digər həmişəyaşıl ağaclar əkilib.

“8 Noyabr – Zəfər Günü” münasibətilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı təşkil olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutan konsertdə şəhər rəhbərliyi, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, o cümlədən, Gəncə Tibb Kollecinin müəllim heyəti də iştirak etmişdir.

Daha sonra Gəncənin Heydər Əliyev adına baş meydanında “8 Noyabr – Zəfər Günü”nə həsr olunan möhtəşəm atəşfəşanlıq baş tutub.

09.11.2021  [ 10:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024