8 noyabr Zəfər Günü Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış parlaq səhifədir. Bu Zəfər Ali Baş Komandan İlham Əliyevin, Rəşadətli Ordumuzun, xalqımızın, igid əsgərlərimizin qazandığı böyük tarixi Zəfərdir. Bu Zəfərlə Azərbaycan öz qədim torpaqlarını işğalçılardan təmizlədi, ərazi bütövlüyünü təmin etdi, Qəhrəman Ordumuz hərbi bacarıq və imkanlarını dünyaya göstərdi, xalqın möhtəşəm birliyni nümayiş etdirdi. Xalq qələbəyə ürəkdən inanırdı və o gün gəldi. Biz Qələbə çaldıq! Sonsuz sevinc və göz yaşları ilə xalq bir-birinə sarıldı.
Ümummilli Lider Heydər Əliyevin layiqli oğlu - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında Şanlı Ordumuz çoxdan həsrət qaldığımız Dağlıq Qarabağ torpaqlarını özümüzə qaytardı.
O günləri hamımız yaxşı xatırlayırıq: Azərbaycan xalqının lideri kimi İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması həm 44-günlük Vətən müharibəsi dövründə, həm də tarixi Zəfərdən sonra dünyanın müxtəlif ölkələrinin aparıcı xəbər agentliklərinə türk, rus və ingilis dillərində verdiyi müsahibələrdə ifadə olunan aydın məntiq, dəqiq cavablar, təmkin, qeyri-adi istedad və bacarıq nümayiş etdirməsi xalqımıza, Ordumuza sarsılmaz güc verirdi. Ali Baş Komandan kimi O, birbaşa hərbi əməliyyatlara rəhbərlik edir, həm də təkbaşına siyasi-ideoloji cəbhədə və informasiya müharibəsində xüsusi bacarıq nümayiş etdirirdi. Ölkə başçımız cıxışlarıyla, müsahibələri ilə beynəlxalq ictimai rəydə artıq müharibəni udmuşdur.
Qətiyyətlə deməliyik ki, ölkə Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsi, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının təntənəsi idi.
Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın Şanlı Ordumuz tərəfindən azad edilməsi, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin, Ordumuzun gücünün, xalqımızın birliyinin təzahürüdür. Zaman göstərdi ki, Azərbaycan Prezidentinin yeritdiyi müstəqil siyasət ölkəmizi həm regionda, həm də dünyada söz sahibinə çevirib.
Qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən biri, düşünürəm ki,Prezident İlham Əliyevin Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını dərin ehtiramla ziyarət edərək dediyi ifadələrdir: " Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!" Bu ifadələr həm də oğulun ata qarşısında verdiyi şərəfli hesabatdır.
İndi Azərbaycanın iqtisadi qüdrəti və siyasi nüfuzu beynəlxalq aləmdə daim yüksəlir. Azərbaycan regionda söz sahibidir. Azərbaycan bütün sahələrdə şərtsiz üstünlüklərə malikdir. Ölkəmizin hərbi potensialı günü- gündən artır. Azərbaycan ordusu dünyanın aparıcı orduları sırasındadır. Ali Baş Komandanın rəhbərliyi altında əsgərlərimizin yüksək döyüş ruhu və əzmkarlığı bizə qələbəni qazandırdı, eyni zamanda birdəfəlik "erməni mifini" məhv etdi. Xalqın güc və birlik rəmzinə çevrilmiş "Dəmir yumruq" düşmənə sarsıdıcı zərbə vuraraq suverenliyimizi əldə etdi, torpaqlarımız işğaldan azad oldu. Çoxmilyonlu Azərbaycan xalqı Zəfər Gününü sonsuz iftixar və sevinclə qeyd edir. Gözlərin aydın olsun, Azərbaycan! Hələ neçə-neçə zəfərlərin var!..
Gəncə Tibb Kolleci: HFBKS Hüseynova Şəfiqə Səttar qızı