Azərbaycanın ən qocaman tibb təhsili müəssisələrindən olan Gəncə Tibb Kolleci özünün 90 illik yubileyini qeyd edir. Bu münasibətlə kollektivin və qonaqların iştirakı ilə yığıncaq keçirildi. Tədbiri giriş sözü ilə açan kollecin direktoru, əməkdar həkim Mehman Rzayev qeyd edib ki, Gəncə Tibb Kolleci 1931-ci il dekabr ayında fəaliyyətə Tibb Politexnikumu kimi başlayıb. Sonradan Feldşer - Mama Məktəbi, 1939-cu ildən isə N.K.Krupskaya adına Kirovabad baza Tibb Məktəbi , 1989-cu ildən Gəncə Tibb Məktəbi , 2010-cu ilin iyun ayından Gəncə Tibb Kolleci adlandırılmışdır. Fəaliyyət göstərdiyi müddətdə Respublikamızın səhiyyə müəssisələri üçün on minlərlə orta ixtisas tibb işçiləri hazırlayan Gəncə Tibb Kollecində hazırda Müalicə işi, Mamalıq işi, Tibbi profilaktika, Laborator diaqnostika, Ortopedik stomatologiya, Əczaçılıq, Tibb bacısı(qardaşı) işi ixtisası üzrə tələbələr təhsil alır:
“5 il bundan öncə kollecdə bir dənə də olsun laboratoriya yox idi. Bu gün isə kollecimizdə demək olar ki, bütün ixtisaslar üzrə laboratoriyalarımız var. Bu gün yüksək standartlara cavab verə biləcək ortopedik stomatologiya, laborator diaqnostika, tibbi proflaktika laboratoriyaları , robot-trenajor təlim mərkəzi tələbələrimizə müasir tibbdə istifadə edilə biləcək bilik və bacarıqlar aşıladır. Gələcəyin peşəkar orta ixtisaslı tibb kadrları olması üçün onlara nəzəri biliklərlə yanaşı həm də robot üzərində praktik əməliyyatlar aparmaq imkanı yaratmışıq. Belə ki, tələbələr bu mərkəzdə sidik kisəsi və venaya katetrlərin qoyulması, intubasiya, elektrokardioqramma çıxartmaq və defibrilyatordan istifadə qaydalarını öyrənirlər. Bu isə onların gələcəkdə peşəkar tibb kadları kimi yetişmələrinə yardımçı olacaq” deyə M.Rzayev əlavə edib. Kollecin direktoru əlavə edib ki, əsaslı təmir olunan və bütün lazımi tibbi avadanlıqlar və invertarlarla təchiz olunan təhsil ocağında 5 müasir laboratoriya fəaliyyət göstərir.
“Gəncə Tibb Kollecinin 90 illik yubileyi ərəfəsində Avropa İttifaqının (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə icra etdikləri “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” və “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihələri çərçivəsində keçirilən təlim proqramlarının aralıq nəticələrinin təqdim olunması məqsədilə ÜST-nın Ölkə Ofisi tərəfindən konfransın məhz Gəncə Tibb Kollecində keçirilməsi çox qürurverici bir hal idi. Bu konfransda dünyanın tanınmış həkimlərinin və alimlərinin iştirakı, onların kollecdə yaradılan şəraitlə bağlı söylədiyi müsbət fikirlər bizi gələcəkdə daha da fəal olmağa ruhlandırır” deyən kollecin direktoru gələcəkdə daha da böyük layihələrin keçiriləcəyinə ümid etdiyini qeyd edib.
Gələcək planlara toxunan Mehman Rzayev kollecdə tədrisin və təhsilin keyfiyyətini artırmaq məqsədilə bundan sonra da davamlı yeniliklərin olacağını söyləyərək qeyd etdi ki, “Bu ilin sonunda qədər daha 3 müasir laboratoriya quraşdırılıb və yaxın günlərdə tələbələrin istifadəsinə veriləcək. Bu Əcza kimya analitik laboratoriya, İKT laboratoriyası və mamalıq işi laboratoriyasıdır. Ümidvarıq ki, tələbələr üçün yaradılan bu yüksək şərait gələcəkdə onların bir peşəkar tibb işçisi kimi yetişəcəyinə yardımçı olacaq” . Mehman Rzayev yaxın vaxtlarda tələbələr üçün müasir qiraətxana-kafenin də inşa olunacağını qeyd edib:
“Bu gün kollecimizdə müasir elektron və ənənəvi kitabxanamız var. Sinif otaqları tam şəraitli və texniki baxımdan müasir təminatlıdır. Hər şəraiti olan idman və fitness zalımız var. Laboratorilarımızda tələbələrimiz real şəraitdə biliklərini təkminləşdirə bilirlər. Yeni qurulmuş laboratoriyalar da işimizi daha təkminləşdirməyə, son model təhsil müəssisəi kimi fəaliyyət göstərməyimizə imkan verəcək” deyə Mehman Rzayev bildirib.
Sonra Mehman Rzayev 90 illik yubileyi münasibətilə Gəncə Tibbb Kollecinin ünvanına gələn təbrikləri və Azərbaycan Səhiyyə Naziri əvəzi Teymur Musayevin xüsusi təbrikini kollektivin diqqətinə çatdirib. Qeyd edib ki, təbriklər arasında Ümumdünya Səhiyyə Təşkilatının Ölkə ofisinin, TİKA-nın Bakı ofisinin, Gəncə Şəhər icra hakimiyyət Başçısının və Azərbaycanda fəaliyyət göstərən çox sayda ali təhsil ocaqlarının təbrikləri var.
Tədbirdə 90 illik yubiley münasibətilə kollecin bir qrup əməkdaşı xüsusi diplomlarla təltif olunub.
Sonda Mehman Rzayev Kollecin kollektivini və tələbələri 90 illik yubiley münasibətilə bir daha təbrik edib və xatirə şəkli çəkilib.