Bu gün Avropa İttifaqının (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə icra etdikləri “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” və “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihələri çərçivəsində keçirilən təlim proqramlarının aralıq nəticələrinin təqdim olunması məqsədilə ÜST-nin Ölkə Ofisi tərəfindən Gəncə şəhəri Gəncə Tibb Kollecində konfrans təşkil edilib.
Gəncə Tibb Kollecində təşkil olunan konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ÜST-nin Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri, habelə Türkiyənin Ondokuz Mayıs, Hacettepe, Ege və Dokuz Eylül universitetlərinin ekspertləri, yerli tibb məktəblərinin, Gəncə şəhər tibb müəssisələrinin və milli təlim mərkəzlərinin mütəxəssisləri iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar Gəncə Tibb Kollecində yaradılan şəraitlə tanış olublar. Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev bugünkü tədbirin Gəncə Tibb Kollecinin 90 illik yubileyinə təsadüf etdiyini bildirərək, rəhbərlik etdiyi təhsil müəssisi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Gəncə Tibb Kolleci ilə tanışlıqdan sonra konfrans işə başlayıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, hazırda Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevanın müvafiq tapşırıqları əsasında əməli işlər görülür. Həyata keçirilən bütün tədbir və islahatlar əhalinin sağlamlığının qorunmasına, səhiyyə sisteminin dünya standartları səviyyəsində qurulmasına yönəlib. O qeyd edib ki, səhiyyə sistemində çalışan insanlar öz peşələrini sevməli, bu sahənin sirlərinə dərindən yiyələnməlidirlər. Bu baxımdan orta ixtisaslı kadrlar hazırlayan Gəncə Tibb Kollecinin üzərinə böyük iş düşür. Şəhər İH başçısı Gəncə Tibb Kollecinin 90 illik yubileyi münasibətilə kollektivi təbrik edib.
ÜST-nin Azərbaycandakı Nümayəndəsi Hande Harmancı “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi və Aİ-ÜST COVID-19 peyvəndlərinin və peyvəndləşmənin tətbiqinə dəstək aksiyası barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə 15 təlim mərkəzi yaradılıb. Bu mərkəzlərdə Aİ və ÜST tərəfindən təşkil edilən “COVID-19 vaksinasiyası, təməl və təkmil həyat dəstəyi” və “COVID-19 xəstələrinin stasionarda idarəedilməsi” mövzusunda təlimlər keçirilməkdədir. Dekabr ayının sonunadək davam edəcək təlimlər Aİ tərəfindən maliyyələşdirilən və ÜST-nin icra etdiyi iki layihə – “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” və “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin ilə birgə həyata keçirilir. Bugünədək təlim kursları çərçivəsində ümumilikdə 5240, COVID-19 vaksinasiyası üzrə 1850, təməl həyat dəstəyi üzrə 3000, təkmil həyat dəstəyi üzrə 190, COVID-19 xəstələrinin stasionarda idarəedilməsi üzrə isə 200 tibb işçisi təlim keçib.
Tədbirin davamında ÜST-nin Ölkə Ofisinin layihə rəhbərləri Azərbaycanda tibb işçiləri üçün COVID-19 ilə bağlı Davamlı Peşəkar İnkişafa dəstək çərçivəsində həyata keçirilmiş tədbirlərin aralıq qiymətləndirilməsini təqdim ediblər. Səhiyyə işçilərinin Davamlı Peşəkar İnkişafına həsr olunmuş mini-simpoziumda çıxış edən türkiyəli mütəxəssislər tibb bacısı ixtisası və onun vəzifə və öhdəlikləri, səhiyyə işçilərinin təhsilindəki təməl müddəalar, tibb personalı üçün keçirilən təlim proqramlarının səmərəsi, həmçinin səhiyyə işçilərinin bacarıqlarının təkmilləşdirilməsi kimi mövzulara toxunublar.
Hande Harmancının moderatorluğu ilə keçirilən dəyirmi masada isə Azərbaycanda tibb bacısı ixtisası üzrə təhsil, onun hazırki vəziyyəti və gələcək istiqamətləri kimi məsələlər müzakirə edilib.
Qeyd olunub ki, Azərbaycan da daxil olmaqla, 6 Şərq Tərəfdaşlığı ölkəsində COVID-19 pandemiyası ilə mübarizəni dəstəkləmək və gündəlik immunizasiya proqramlarını gücləndirmək məqsədilə 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı üç illik “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsini həyata keçirməyə başlayıb.
“Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi isə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən COVID-19 pandemiyasına qarşı mübarizəyə dəstək layihəsidir. Layihə gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir. Bu layihələr Avropa İttifaqı və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.