20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Gəncə Tibb Kollecində tədbir keçirilib.
İlk öncə “20 Yanvar” faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev açdı. Mehman Rzayev çıxışında “1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terrordan bəhs etdi”.
Tariximizə qanla yazılmış “20 Yanvar” faciəsinin heç bir zaman unudulmayacağını vurğuladı.Mehman Rzayev bildirdi ki, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 - cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsinin ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
Mehman Rzayev vurğuladı ki, faciədən bir gün sonra, 21 yanvar 1990-cı il tarixdə ümummilli liderimiz Heydər Əliyev ailə üzvləri ilə böyük cəsarət və xalqına bağlılıq hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış etdi. Ulu öndərin tövsiyəsi ilə 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
1993-cü ilin iyununda xalqın iradəsi ilə yenidən respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin tapşırığı ilə bütün şəhid məzarlarının üstü götürüldü, Şəhidlər Xiyabanında memorial kompleks ucaldıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu və Bakıda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradıldı.
1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olundu. Ulu öndər Heydər Əliyev bəyan etmişdir: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir”.
Xalqımız həmin hadisələrdə şəhidlər versə də, igid vətən övladlarının sarsılmaz iradəsindən, milli ruhun sarsılmazlığından, istiqlaliyyət əzmindən yoğrulmuş şanlı qəhrəmanlıq tarixi yaratdı. 20 Yanvar şəhidlərinin ruhu şaddır, çünki dövlət müstəqilliyimiz bu gün etibarlı əllərdə ildən-ilə daha da möhkəmlənir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı Ermənistanın işğalından azad etdi , indi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır, böyük quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır.
Sonda “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirildi, tələbələrin iştirakı ilə səhnələşdirilən müxtəlif kompozisiyalar, şerlər təqdim olundu.