25.02.2022-ci il tarixdə Gəncə Tibb Kollecində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə direktor əvəzi Kərimxan Qurbanov,həkim-müəllim və tələbə heyəti iştirak edirdi.
Kollecin direktor əvəzi Kərimxan Qurbanov anım günü tədbirini açıq elan etdi. Xocalı qurbanlarının və Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Tələbə Gənclər Təşkilatının hazırladığı ədəbi-bədii kompozisiyalar və videoçarxlar nümayiş etdirildi.
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür
Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti nəticəsində yüz minlərlə dinc insan kütləvi surətdə qətlə yetirilmiş, öz torpaqlarından didərgin salınmışdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayın iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Soyqırım zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfər xüsusi qəddarlıqla öldürülüb, 1275 nəfər girov götürülərək, işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.
Otuz ildir ki, xalqımız bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.
Artıq həmin insanların ruhu şaddır. Çünki Vətən müharibəsində qələbəmiz həmin insanların narahat ruhlarına bir rahatlıq gətirib. Biz artıq o insanların ruhunu utanaraq, məğlub xalq kimi deyil, başı uca, qalib xalq kimi anırıq. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatdı. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal edilmiş əraziləri işğaldan azad edildi. Qüdrətli Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!