Gəncə şəhəri Heydər Əliyev adına meydanda keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, şəhər sakinləri ilə yanaşı Gəncə Tibb Kollecinin müəllim və tələbə kollektivi də iştirak etmişdir.
Meydanda böyük tonqal qalanıb.Musiqilər və rəqslər ifa edilib.Yaradılan guşələrdə sənətkarların əl işləri sərgilənib.Orada Novruzun rəmzi olan böyük səməni də yer alıb.
Təbiətin oyanış fəsli yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmış, sevilmiş və böyük məhəbbətlə qeyd olunmuşdur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur. Novruzun gəlişi insanlarda ülvi duyğular oyadır, hər kəsə sonsuz sevinc və fərəh bəxş edir.
Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin, milli mənəvi dəyərlərimizə verdiyi böyük qiymətin nəticəsidir ki, Novruz bayramı bu gün ölkəmizdə rəsmi səviyyədə geniş qeyd olunur. Xalqımız özünün sevimli bayramını cəmiyyətin bütün təbəqələri arasında möhkəm birlik nümayiş etdirməklə, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində qazandığı uğurlarla qarşılayır.
Müstəqil Azərbaycanımızın davamlı inkişaf strategiyasının reallaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən böyük layihələr, bunların nəticəsi olaraq ölkəmizin dünyanın ən stabil ölkələri sırasında yer tutması, iqtisadi inkişaf göstəricilərinə görə regionda lider dövlətə çevrilməsi xalqımızda iftixar hissi doğurur. Bütün bunlar, habelə müstəqil dövlətimizin xalqın rifah halının durmadan yüksəltməyə yönəlmiş sosialyönümlü siyasəti Azərbaycan vətəndaşlarında sabaha böyük inam və ümidlər yaradır.
Bu əziz bayram günlərində xalqımızı, başda Kollecimizin direktoru Mehman Rzayev olmaqla bütün həkim-müəllim və tələbə heyətini yaz ovqatlı, bahar əhval-ruhiyyəli Novruz bayramı münasibətilə təbrik edirik.
Qoy, bu Novruz elimizə, obamıza, xalqımıza xoş səadətli günlər gətirsin. Gəlişin mübarək olsun!