GƏNCƏ TİBB KOLLECİ

Nizami Gəncəvi muzeyinə ekskursiya


Post Image

22.04.2022 – ci il tarixində Gəncə Tibb Kollecinin bir qrup tələbəsi Nizami Gəncəvi muzeyinə təşkil olunan ekskursiyada iştirak ediblər.

Tələbələr muzeydə nümayiş etdirilən zəngin  eksponatlarla yaxından tanış olmuşlar. Ekskursiyanın təşkil olunmasında  əsas məqsəd muzey ekspozisiyalarını,  klassik və müasir Azərbaycan ədəbiyyatını gənc nəslə tanıtmaq  və sevdirməkdir.

Ümumiyyətlə,  muzeylər bəşəriyyətin tarix boyu qurub-yaratdığı, icad etdiyi və gələcək nəsillərə ötürmək istədiyi maddi-mənəvi, mədəni dəyərlərin qorunub saxlandığı, mühafizə olunduğu xüsusi məkandır. Bu baxımdan Gəncə son illərdə yalnız sürətli sosial-iqtisadi və mədəni inkişafı ilə deyil, həm də tarixi irsin qorunduğu, bir-birindən yaraşıqlı muzeylərin tikilib istifadəyə verildiyi şəhər kimi diqqəti cəlb edir. Hazırda Gəncədə ən çox maraq doğuran, keçmiş irsin, maddi dəyərlərin nümayiş olunduğu mədəni mərkəzlərdən biri də, “Nizami Gəncəvi Muzeyi”dir. Adından da bəlli olduğu kimi, muzeydə XII əsr Azərbaycan poeziyasının klassiki, böyük mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən əşyalar, eksponatlar nümayiş olunur.

Əlbəttə bənzərsiz poetik irsi ilə özündən sonra böyük bir ədəbi məktəbin əsasını qoyan Nizami Gəncəvinin həyat və yaradıcılığına daim böyük maraq olub. Odur ki, hazırda dünyanın elə böyük muzey, arxiv və əlyazmaların saxlandığı mədəni mərkəz tapmaq olmaz ki, orada dahi şairin yaradıcılığından bəhs edən hər hansı əlyazma və yaxud əşya qorunub saxlanılmasın. Lakin şairin doğma vətənində, xüsusilə də onun dəfn olunduğu türbənin önündə bu cür muzey mərkəzinin yaradılması qonaqlara həm böyük mütəfəkkirin məzarını ziyarət etməyə, həm də onun yaradıcılığının əks olunduğu muzeylə tanış olmağa imkan yaradır.

Muzey əməkdaşları bildirirlər ki, böyük mütəfəkkir Nizami Gəncəvi irsinə olan sonsuz maraq buraya həmişə ziyarətçi axını ilə müşayiət olunur. Qətiyyətlə demək olar ki, XII əsrdən dövrümüzə qədər Nizami Gəncəvinin bədii irsi, onun əsərlərində toxunduğu bəşəri estetik ideyalar, humanizm prinsipləri, yaratdığı ən kamil insan surətləri dünya ədəbiyyatsevərləri tərəfindən hansı məhəbbətlə sevilibsə, bu gün şairin vətəni Gəncədə adını daşıyan muzey mərkəzi də istər yerli, istərsə də xarici qonaqlar tərəfindən eyni məhəbbətlə sevilir,  böyük maraqla ziyarət olunur.

26.04.2022  [ 12:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024