" Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir."
Heydər Əliyev,Ümummilli Lider
Müstəqil Respublikamızda Azərbaycan dilinin, elmin və təhsilin inkişaf strategiyası Azərbaycanın dahi oğlu, zəmanəmizin ən qüdrətli şəxsiyyətlərindən biri olan dünya şöhrətli siyasətçi Heydər Əliyevin ideyalarındandır.
Ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Belə ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl siyasətin ayrılmaz qolu olan Azərbaycan dilinin inkişafı milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbətinin bariz nümunəsi olaraq ölkə rəhbərinin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit (21-ci maddə) olundu.
2003-cü il yanvarın 2-də qüvvəyə minmiş "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktı qəbul edildi.
Ulu öndər deyirdi:" Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.
Gənclərimiz tariximizi, dilimizi, mədəniyyətimizi və dini dəyərlərimizi yaxşı bilməlidirlər."
Gənclərimizin əsl vətəndaş kimi yetişdirilməsində, onlara milli mənəvi və ümumbəşəri dəyərlərin aşılanmasında, milli mənliyinin dərk edilməsində Azərbaycan dili və ədəbiyyat fənlərinin əhəmiyyəti böyükdür. Bu baxımdan kollecimizdə Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetirilir, müxtəlif konfransların, dahi söz ustalarının yubileylərinin, bədii-ədəbi gecələrin keçirilməsi bir növ adət halını almışdır. Azərbaycan dili ölkəmizin müstəqilliyə qədəm qoyması ilə dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının milli birliyinin yaradılmasında və əlaqələrinin genişləndirilməsində müstəsna rol oynayır.
Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".
Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri - ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.
Azərbaycan dilinin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir": "Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, bir millət kimi qoruyub... Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. Biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Digər tərəfdən, gənc nəsil imkan verməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır."
Heydər Əliyevin siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi istiqamətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən hər kəs bəhrələnmişdir.
Gəncə Tibb Kolleci: HFBKS Hüseynova Şəfiqə Səttar qızı