Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində könüllülük fəaliyyəti və onun təbliği mövzusunda tələbələrlə görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən 2 saylı Gəncə regional Asan Xidmət Mərkəzinin nümayəndələri də iştirak ediblər. Görüşdə, ölkəmizdə könüllülük fəaliyyətin geniş vüsət aldığını qeyd edilib, gənclərin bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsi ilə bağlı görülən işlərdən danışılıb. Vurğulanıb ki, könüllülük Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz hesab olunan fəaliyyət növüdür. Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Buna görə də, könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib. Beləliklə, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıləb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olunmasını bu sahəyə dövlət qayğından xəbər verildiyi də vurğulanıb. Bu gün bütün sahələrdə könüllülərin ölkəmizin inkişafına verdiyi töhfələr göz qabağındadır və bütün böyük beynəlxalq yarışlar və tədbirlərdə könüllü gənclər yaxından iştirak edir.
Tədbirdə kollecin gəncləri fəal olmağa, könüllülük fəaliyyətinə qoşulmağa dəvət edilib.