Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirilmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 31 Mart- Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir soyqırım qurbanlarının, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və 31 mart soyqırım abidəsi önünə tər güllərin düzülməsi ilə başlanmışdır.
Gəncə Dövlət Universitetində keçirilən tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, o cümlədən Gəncə Tibb Kollecinin tələbələri iştirak etmişlər. Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin tarix kafedrasının müəllimi Eldar Mehdiyev və gənclər, 31 mart Azərbaycanlıların Soyqırımı haqqında tarixi faktlara əsaslanan geniş məlumatlar vermişlər. Çıxış edənlər belə faciələrin ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin önəmini vurğulamışlar.
Daha sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Gəncə Tibb Kollecində 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş film tələbələrə nümayiş etdirilmişdir.