GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində Məzun Günü


Post Image

İki illik pandemiyadan sonra nəhayət “Məzun günü”nün keçirilməsi müəllim və tələbələrdə böyük sevinc hissi oyatmışdı.  Hər tərəfi al-əlvan çiçəklərlə bəzədilmiş kollecin həyətində sevincdən üzü gülən gəncləri görmək bizlərdə fərəh hissi yaradırdı.

“Məzun günü” münasibətilə keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən evladlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, söz Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayevə verilmişdir. Mehman Rzayev ilk öncə məzunları təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar və müstəqil dövlətimizin daha da çiçəklənməsi naminə səy və bacarıqlarını əsirgəməməyi arzulamışdır. Daha sonra Mehman Rzayev, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, Gəncə Tibb Kollecinin əldə etdiyi nəaliyyətlərdən danışmışdır. Otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə böyük Qələbənin qazanılmasında gənclərin rolundan söz açan Mehman Rzayev Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinin hər zaman  əziz tutulduğunu qeyd etmişdir.

Gənclərə öz tövsiyələrini verən direktor vurğulamışdır ki, bu ilin məzunları  xoşbəxtdirlər. Ona görə ki, qalib xalqın məzunlarıdırlar. Onlar həmişə öz dövlətləri, xalqı və qəhrəmanları ilə qürur duymalıdırlar və duyurlar.

Daha sonra tədbir iştirakçıları  tələbələrin ifasında səsləndirilən qəhrəmanlıq mahnılarını, eləcə də rəqs qrupu üzvlərinin çıxışlarını alqışlarla qarşılamışlar.

 

31.05.2022  [ 18:20 ]
Bütün hüquqlar qorunur.!  ©  2024