Bu il xalqımız ən əziz bayramını- 28 May- Müstəqillik Gününü böyük coşqu və qürurla torpaqlarımızın işğaldan azad edildiyi, Türkiyə - Azərbaycan müttəfiqliyinin zirvə nöqtəsi olan tarixi Şuşa bəyannaməsinin imzalandığı bir dövrdə qeyd etdi. Bu bayramı daha da möhtəşəm edən iki qardaş dövlətin birliyini nümayiş etdirən texnoloji kəşflərin, yeniliklərin sərgisi olan elm, inkişaf, bilik, texnologiya bayramı- “TEKNOFEST” Aerokosmik və texnologiya festivalı ilə yadda qalacaq.
Məlumdur ki, tarix boyu Türkiyə daim Azərbaycanın yanında olub, onun qardaşlıq dəstəyini hər zaman hiss edib. Bu qardaşlıq ilk Xalq Cümhuriyyəti yaranandan bugünə qədər davam edir. 44 günlük Vətən müharibəsində də türk xalqı bizimlə bərabər idi. Bugünlərdə keçirilən "Texnofest Azərbaycan" festivalındakı möhtəşəm mənzərə Tarixi Qələbəmizdən sonra 2021 -ci ildə keçirilən Zəfər Paradındakı mənzərənin zirvəsini əks etdirdi. Festivalın ölkəmizdə keçirilməsi iki qardaş ölkə arasında sarsılmaz tarixi bağların əbədi olmasının göstəricisi, həmçinin Azərbaycan və Türkiyə prezidentlərinin uğurlu siyasətinin nəticəsidir. Məhz İkinci Qarabağ müharibəsində də bizim qələbə çalmağımıza şərait yaradan vasitələrdən biri texnologiyanın son nailiyyətlərindən istifadə etməyimiz oldu. Qarabağ müharibəsində " Bayraktarlar "- pilotsuz silahlı uçuş aparatları şanlı qələbəmizə böyük təkan verdi. " Bayraktar "ın qazandığı tarixi uğur əsrimizin " səma fatehi " oldu. Məhz həmin dövrdə Azərbaycan hərb tarixində ilk dəfə olaraq 5-ci nəsil müharibə əməliyyatları aparması ilə hərb tarixinə düşdü. Bu gün dünyanın qabaqcıl hərbi məktəblərində bizim Vətən müharibəsindəki taktika və strategiyamız tədris olunur.
Azərbaycanla Türkiyənin birgə keçirdiyi beynəlxalq tədbirdə Türk dünyasının böyük oğlu, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər, " Teknofest " in təşkilatçısı və təşəbbüskarı Səlcuk Bayraktar da iştirak etdilər. Əziz Səncərin gənclərə tövsiyyəsi tam bir həyat dərsini xatırlatdı." Teknofest Azərbaycan "smart gəncləri bir araya gətirən unikal əməkdaşlıq platformasıdır. Sözsüz ki, bu festival gənc və smart nəslin yetişməsində mühim rol oynayacaq. Festivalın keçirilməsi yerli innovativ texnologiyaların inkişaf etdirilməsi sayəsində ölkəmizin xarici texnologiyalardan asılılığını əhəmiyyətli dərəcədə azalmasına da gətirib çıxaracaq.
Qeyd edək ki, " TEKNOFEST " in şüarı: " Dünya Türkün gücünü görsün, yerini bilsin " bütün dünyaya bəyan edilən aydın bir mesajdır.
“TEKNOFEST Azərbaycan” festivalı iki dost və qardaş dövlət olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olan əməkdaşlıqların bundan sonra da genişlənəcəyinin bariz nümunəsidir. Hər iki dövlətin apardığı siyasət xalqlarımızın milli və dövlət maraqlarını özündə əks etdirir. " Teknofest Azərbaycan " bütün dünyaya müstəqilliyimizin, bir millət, iki dövlət olduğumuzun göstəricisi, Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlaması mesajıdır.
Gəncə Tibb Kolleci: HFBKS Hüseynova Şəfiqə Səttar qızı