Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin xüsusi dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və “SABAH” qrupunun təşkilatçılığı ilə 19-21 may tarixlərində Gəncə şəhərində “SABAH” İncəsənət Festivalı keçirilmişdir.
Festivalın açılış mərasimində Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, tələbələr və bir qrup müəllimlər iştirak etmişlər.
Mərasimdə bildirilib ki, artıq üç ildir həyata keçirilən “SABAH” İncəsənət Festivalının əsas məqsədi “SABAH” qrupları layihəsinin incəsənət yönümlü baza ali təhsil müəssisələrində (BMA, ADRA, ADMİU, AzMİU) tələbələrin nailiyyətlərini əyani nümayiş etdirmək, ölkə gəncliyi arasında təhsilə və yaradıcılığa həvəsi artırmaq, ictimaiyyəti təhsilin nailiyyətləri ilə tanış etməkdir.
Festivalda Bakı Musiqi Akademiyasının “SABAH” qrupları tələbələrinin ifasında xor və instrumental musiqi çıxışları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qrupları tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, pantomima, tamaşalardan parçalar, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti “SABAH” qrupları tələbələrinin memarlıq layihələri (maketlər və elektron təqdimatlar), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “SABAH” qrupları tələbələrinin isə dizayn və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi müşayiət edib. Bunlara əlavə olaraq, tədbir boyunca ADRA “SABAH” qrupları tələbələri tərəfindən bədii keramika, xalçaçılıq, toxuculuq, metal və rəngkarlıq üzrə ustad dərsləri keçirilib.
Bununla yanaşı, Gəncə Dövlət Filarmoniyasında Bakı Musiqi Akademiyasının “SABAH” qrupları tələbələrinin ifasında vokal-instrumental musiqi gecəsi, Gəncə Dövlət Dram Teatrında isə "Tufan" adlı tamaşa nümayiş olunub.
Üç gün davam edən tədbir sərgi nümayişi ilə yekunlaşacaq.